Fransada Lion Apelyasiya Məhkəməsi Qazaxstan “BTA-Bank”ın keçmiş sədri Muxtar Ablyazovun ekstradisiyası haqqında Rusiya və Ukraynanın sorğusunu təmin edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Frans Press agentliyi xəbər yayıb.
Ablyazov beynəlxalq orderə uyğun olaraq, 2013-cü ilin iyulunda Fransanın dəniz sahilində saxlanmışdı. Qaçmış bankirin təhvil verilməsi ilə bağlı həm Moskva, həm də Kiyev iddia qaldırıb. Ona qarşı Qazaxıstanda 2009-cu ildə böyük məbləğdə maliyyə oğurluğu ilə bağlı ittiham irəli sürülmüşdü.
Ablyazov Rusiya və Ukraynada külli miqdarda maliyyə fırıldaqlarında ittiham olunur. Rusiya tərəfi onu 5 milyard dollar həcmində maxinasiyalarda günahlandırır. Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə isə biznesmen bu ölkədə 400 milyon dollarlıq qeyri-leqal əməliyyatlar həyata keçirib.
Bütün bunlardan sonra sahibkar gizlənib və nəticədə İnterpol yolu ilə beynəlxalq axtarışa verilib.
Nail Cəlil