Fransanın paytaxtı Parisdə nümayiş zamanı plastik güllə ilə vurulduqdan sonra bir gözünü itirən “sarı jiletlilər”in liderlərindən biri Jerom Rodriges polisin, dövlət və hökumətin həyatını məhv etdiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, polisin əsas vəzifələrini yerinə yetirmədiyini bildirən Rodriges onlara zorakılıq əmrinin hökumətdən verildiyini deyib.
Polisdən ona yönələn tənqidlərə cavab vermək istədiyini, lakin bunun üçün mətbuata çıxışına imkan verilmədiyini bildirən Rodriges Prezident Emmanuel Makronun “sarı jiletlilər”i ABŞ-da Konqres binasına basqın edənlərlə müqayisə etməsinə sərt təpki göstərib.
“Makron Navalnının tutulmasına reaksiya göstərə bilər. Mən gözlərini itirən 30 fransız kimi bir Navalnıyam. Rusiyada demokratiyanın olmadığını deyir, amma bu gün Fransada da durum fərqli deyil”.
Ötən il yanvarın 26-da “sarı jiletlilər”in Parisdə keçirilən nümayişi zamanı Rodriges polisin müdaxiləsi nəticəsində sağ gözünü itirib.
Ötən həftə də Renn şəhərində keçirilən aksiya zamanı polisin müdaxiləsi nəticəsində bir nəfər də gözündən məhrum olub.
Fransada keçirilən nümayişlər zamanı polis müdaxiləsi nəticəsində 4 nəfər ölüb, 30 nəfər gözlərini, 5 nəfər əllərini itirib, 770 nəfər yaralanıb.