18 Fevral 2021 11:18
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan müxalifəti Vahid Milli Hərəkatın rəhbəri Nika Meliya barəsində Tiflis Şəhər Məhkəməsinin həbs qərarına etiraz edib.

Teleqraf.com xəbər verir ki, keçmiş prezident Mixail Saakaşvilinin qurduğu partiyanın rəhbəri olan Meliyanın vəkillik statsunun ləğv edilməsindən sonra onun haqqında həbs qərarı verilib.

2019-cu il iyunun 20-də minlərlə insan Rusiya Kommunist Partiyasının üzvü və Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentində etdiyi çıxışına etiraz edib.

Parlament binasını mühasirəyə almaq üçün küçələrə çıxan insanları “təxribata təhrik etmək” ittihamı ilə saxlanılan Meliya məhkəmənin qərarı ilə cərimə edilib və buraxılıb. Lakin pulu ödəməyən partiya rəhbəri yenidən saxlanılıb.

Gürcüstan Baş Prokurorluğunun tələbi ilə keçirilən parlamentin növbədənkənar iclasında vəkillik hüququndan məhrum edilən Meliya Tiflis Şəhər Məhkəməsinin gecə həbs qərarı verməsinə baxmayaraq polisə təslim olmayıb.

Meliya Rusiyanın Gürcüstanın ərazisini işğal etdiyini və hökumətin bu ölkəyə qarşı nümayişdə iştirakına görə onu cəzalandırmağa çalışdığını bildirib.

Müxalifət partiyalarının liderləri Meliyanın tutulmasına icazə verməyəcəklərini və ehtiyac olduqda onu öz imkanları ilə qorumağa çalışacaqlarını deyiblər. Tərəfdarları təhlükəsizlik orqanlarının əməkdaşlarının Meliyanın tutmalarına imkan verməmək üçün partiyanın ofisində keşik çəkməyə başlayıblar.

Yerli media qurumlarının məlumatına görə, partiyanın ofisinə yaxın ərazilərdə polis və xüsusi təyinatlılar gözləmə mövqeyində dayanıb.

Gürcüstan dövlət rəsmiləri Meliyanı polisə təslim olmağa və demokratik yollarıyla mübarizə aparmağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər