ABŞ Dövlət Departamentinin sözçüsü Eduard Prays Amerikanın İraqın Ərbil şəhərindəki mövqelərinə edilən raket hücumlarının cavabsız qalmayacağını söyləyib.
Teleqraf.com xəbər verir ki, Prays ABŞ-ın Şimali İraq Kürd Regional Rəhbərliyi ilə təmasları davam etdirdiyini bildirib.
Onun sözlərinə görə, hücumdan məsuliyyət daşıyanları müəyyənləşdirmək üçün İraqdakı həmkarları ilə sıx əməkdaşlıq edirlər:
“Əlbəttə ki, cavabımızı əvvəlcədən nəzərdən keçirməyəcəyik, amma demək məqsədə uyğundur ki, bunun hücuma cavabdeh olan qrup üçün nəticələri olacaq”.
Dünən Ağ Evin sözçüsü Jen Psaki ABŞ rəhbərliyinin hücuma adekvat şəkildə və vaxtında cavab vermək hüququnu özündə saxladığını bildirib.
ABŞ təhlükəsizlik mənbələrindən verilən məlumata görə, ABŞ hərbçilərinin yerləşdiyi Ərbil Beynəlxalq Hava Limanı və şəhərə 14 raketlə hücum edilib.
Hücumda 1 hərbçi ölüb, 9 nəfər yaralanıb.
Hücumun məsuliyyətini İraqda əvvəllər adı eşidilməyən ”Saraya Övliya əd-Dam” adlı qrup öz üzərinə götürüb.
Hadisədən sonra ABŞ mediasında hücumun arxasında İranın durduğuna dair iddialar ortaya atılıb.