Ötən ilin noyabr ayında Azərbaycanın Dağlıq Qarabağ regionu bütün dünyada qəzetlərin mövzusu oldu. O vaxt Azərbaycan öz ərazilərinin erməni təcavüzündən xilas etmək prosesini uğurla başa çatdırdı.
Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı qırğın öz qəddarlığına görə Dağlıq Qarabağda erməni təcavüzünün ən dəhşətli səhifəsidir. Bu şəhərdə dinc sakinlər, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə yetirilib, əsir götürülüb.
Teleqraf.com xəbər verir ki, israilli jurnalist Din Şmuel Elmasın bu ölkənin ivritdilli aparıcı nəşri olan “Israel Hayom” qəzetində dərc edilmiş “Azərbaycanlılar Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı qırğını heç vaxt unutmayacaq” sərlövhəli məqaləsi bu barədədir.
Müəllif qeyd edir ki, həmin qanlı soyqırımı aktı zamanı Xocalı sakinləri şəhəri tərk etməyə çalışıb, lakin erməni silahlı dəstələri Xocalını gülləbaran ediblər.
İsrailli jurnalist vurğulayır: “Azərbaycanlı dinc sakinlər erməni silahlı dəstələri tərəfindən gülləbaran edilib. Ermənilər bu sakinləri xüsusi qəddarlıqla öldürürdü. Bu vandalizm aktı nəticəsində Xocalının 613 sakini həlak olub, 487 nəfər yaralanıb, 1275 adam əsir düşüb. 150 nəfərin sonrakı taleyi barədə hələ də məlumat yoxdur”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər il olduğu kimi bu il də Xocalı hadisəsini qeyd edib və Ankara ilə Bakı arasında əlaqənin sarsılmaz olduğunu bildirib.
“Mən Azərbaycan xalqına başsağlığı verirəm”, - deyən Prezident Ərdoğan daha sonra əlavə edib: “Biz bir millət, iki dövlətik. Biz Azərbaycanı dəstəkləməkdə davam edəcəyik”.
Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın deyib: “Biz bu amansız qırğın zamanı qətlə yetirilənləri heç vaxt unutmayacağıq və onların unudulmasına imkan verməyəcəyik”.
Din Şmuel Elmas yazır ki, Türkiyə XİN bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Biz bilirik ki, Xocalıda törədilmiş dəhşətli soyqırımı aktının vurduğu yaralar hələ sağalmayıb. Biz Azərbaycanın dərdinə şərik olduğumuzu bildiririk”. Türkiyə XİN rəhbəri deyib: “Xocalıda insanlığa qarşı törədilmiş cinayəti unutmamışıq və unuda bilmərik”.
Məqalə müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin bu sözlərini sitat gətirir: “Biz Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq”.
İsrail-Azərbaycan münasibətləri üzrə tanınmış ekspert, “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut “Israel Hayom” nəşrinə müsahibəsində deyib: “Azərbaycanlı qaçqınların öz əzəli torpaqlarından qovulması İkinci Dünya müharibəsindən sonra Avropada dinc əhalinin ən kütləvi şəkildə qovulması hadisələrindən biri idi”.
Ekspert daha sonra deyib: “Xocalı ermənilər tərəfindən vəhşicəsinə qəddarlıqla Azərbaycan torpaqlarında aparılmış amansız etnik təmizləmənin nəticəsi oldu. Qadınlara, qocalara və uşaqlara münasibətdə bu qeyri-insani qəddarlığı heç cür anlamaq mümkün deyil. Xocalıda qətlə yetirilmiş insanların yeganə “təqsiri” onların azərbaycanlı olmaları idi”.
Arye Qut daha sonra vurğulayıb: “Uzun müddət hakimiyyətdə qalmış, bu gün isə erməni siyasi isteblişmentinin tərkib hissəsi kimi qalan sabiq prezident Serj Sarkisyanın və digər sabiq prezident Robert Koçaryanın beynəlxalq birlik tərəfindən məsuliyyətə cəlb olunmasını tələb edirik. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik – bu canilər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Biz Xocalıdakı qanlı hadisələrin bir daha təkrarlanmasını istəmirik. Biz Xocalıya ədalət tələb edirik”.