“İkiüzlü olmayın, Türkiyənin sayəsində evinizdə rahat yatırsınız”.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyi və Türkiyə arasında Yaxın Şərqdən olan miqrantlarla bağlı imzalanmış anlaşma haqda danışan Bolqarıstan Baş naziri Boyko Borisov deyib.
Borisov qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün Bolqarıstan və Türkiyə arasında əldə edilmiş anlaşmanın yerinə yetirildiyini bildirib.
O, Türkiyənin bu və digər məsələlərlə bağlı Avropa Birliyi üçün önəminə də diqqət çəkib: “Türkiyə də daxil olmaqla, heç bir ölkəni təkbaşına qoymaq lazım deyil. Dərhal Türkiyəyə yardım etmək lazımdır”.
Borisov Avropa Birliyinin Türkiyəyə qarşı ikiüzlü davrandığını, bolqarlar da daxil olmaqla, bütün avropalıların onun sayəsində evlərində rahat yatdıqlarını bildirib.
O, Türkiyənin qitəyə miqrant axını ilə təkbaşına mübarizə apardığını söyləyib.