1 Mart 2021 11:08
1 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskvanın Ermənistandakı daxili siyasi proseslərə və Baş nazir Nikol Paşinyanın “İsgəndər”lə bağlı açıqlamalarına təmkinli reaksiya göstərməsi fikri o qədər də doğru deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Demokratik Partiyasının sədri Aram Sərkisyan deyib.

“Peskov və Müdafiə Nazirliyinin açıqlamaları çox aydındır. Onlar mövqelərini başa düşməyimiz üçün təhqiramiz açıqlama vermək məcburiyyətində deyillər”, - Sərkisyan bildirib.

Siyasətçiyə görə, əvvəlcə Rusiya prezidentinin mətbuat katibi Kremlin mövqeyini açıq şəkildə izah edib:

“Nikol Paşinyanla Vladimir Putin arasındakı söhbət zamanı Rusiya dövlətinin başçısı Ermənistanın qanuni hakimiyyətini dəstəklədiyini dilinə gətirmədi. Sadəcə olaraq, Moskvanın daxili siyasi böhranın qanun çərçivəsində həll edilməsinin tərəfdarı olduğu qeyd edildi. Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Paşinyanın “İsgəndər”lə bağlı açıqlamalarının həqiqəti əks etdirmədiyini bildirərək, Qarabağdakı döyüş əməliyyatları zamanı bu silah növünün ümumiyyətlə istifadə olunmadığını vurğuladı”.

Sərkisyan Paşinyanın “İsgəndər”lə bağlı açıqlamasını silah bazarının böyük əhəmiyyət daşıdığı bir ölkəyə - Rusiyaya qarşı təxribat kimi qiymətləndirib.

“Paşinyan açıq şəkildə son illər öz içində kök salmış anti-Rusiya mövqeyini dilə gətirdi və bu dəyişə bilməz”, - partiya sədri qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Rusiya ilə uzunmüddətli müttəfiqlik əlaqələrini qırıb Qərbə doğru getmək lazım olduğunu düşünür: “Başa düşmək lazımdır ki, hazırkı rəhbərlik hakimiyyətdə qalmağa davam edərsə, onda nə vaxtsa Ermənistan-Rusiya münasibətləri pisləşə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu