7 Mart 2021 19:25
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tbilisidə hakim Gürcü Arzusu Partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin biznes-mərkəzi qarşısında aksiya keçirilib.

Teleqraf.com xəbər verir ki, aksiya “Pirveli” telekanalında B. İvanişvilinin 27 yaşlı oğlu Berunun Baş nazir İrakli Qaribaşvili və bir neçə yüksək vəzifəli məmurla danışığının səs yazısının efirə verilməsindən sonra təşkil edilib.

Müxalif fəallar həmin şəxslər haqqında cinayət işinin açılmasını, vəzifəli şəxslərin vəzifədən azad edilməsini, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

B. İvanişvilinin iqamətgahı qarşısında çoxlu sayda polis cəmləşdirilib. Aksiya iştirakçıları divarlara B. İvanişvilinin ünvanına təhqiramiz ifadələr yazan zaman polislə gərginlik yaşanıb, bir neçə dəfə toqquşma olub. Saxlanılanların olub-olmadığı barədə hələ məlumat verilmir. Artıq aksiya başa çatıb, aksiya iştirakçıları ərazini tərk edir.

Qeyd edək ki, “Pirveli” telekanalının yaydığı səs yazısında B. İvanişvilini sosial şəbəkədə təhqir edən 15 yaşlı məktəblinin cəzalandırılması məsələsi müzakirə olunur və B. İvanişvilinin polisdə yüksək vəzifə tutan şəxslərdən məktəblini ondan üzr istəməyə məcbur etməyi tələb etdiyi iddia olunur.

Müxalif partiyalar dərhal istintaq başladılmasını, Baş nazir İraklii Qaribaşvilinin vəzifəsindən azad olunmasını tələb edirlər.

Hakim Gürcü Arzusu Partiyası isə səs yazısında B. İvanişvili və İ. Qaribaşvilinin səslərinin eşidildiyini inkar etmir, ancaq qalmaqallı səs yazısının montaj olunduğunu, müxtəlif vaxtlardakı danışıqların əlavə edildiyini bildirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər