Hakerlərin “Facebook”da şəxsi məlumatlarını oğurladığı istifadəçilər arasında “Facebook”un qurucusu Mark Zukerberq də var.
Teleqraf.com xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
“Facebook”da şəxsi məlumatları oğurlanan 53 milyon istifadəçi ilə bərabər M. Zukerberqin də telefon nömrəsi xüsusi haker platformasında yer alıb.
“Twitter” istifadəçilərindən biri buna diqqət çəkib və telefon nömrəsinin fotosunu paylaşıb.
Qeyd edək ki, “Facebook”un 533 milyon istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb. Şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir. Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb. Şəxsi məlumatlar arasında istifadəçilərin bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar var.
Məsələyə münasibət bildirən “Facebook” şirkəti məlumatların 2 il əvvəl təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.
Xatırladaq ki, “Facebook” şirkəti və eyni adlı sosial şəbəkənin əsası 2004-cü M. Zukerberq tərəfindən qoyulub. Şirkəotin baş ofisi Kaliforniyada yerləşir. “Facebook” şirkəti həm də “WhatsApp,” “Messenger” və “Instagram”ın sahibidir.