Bu ilin avqustun 23-də Ukraynanın Xarkov şəhərində “Filosoflar parkı” adlı modern istirahət parkının açılış mərasimi keçiriləcək.
Teleqraf.com xatırladır ki, 2543 kvadrat metr ərazini əhatə edəcək park Azərbaycan ədəbiyyatının dühalarından olan Nizami Gəncəvinin 880 illik yubileyi, Ukraynanın tanınmış filosofu Qriqori Skovordun 300 illik yubileyi və Qazaxıstanın görkəmli ədəbiyyat xadimi Abay Kunanbayevin 200 illik yubileyiniun şərəfinə salınır.
Bununla yanaşı müasir və modern istirahət parkında eyni zamanda Ukrayna, Azərbaycan və Qazaxıstanın tarixi və mədəniyyətini əks etdirən stendlər də nümayiş etdiriləcək.
“Musiqi fəvarləri”nin olacağı parkda hə üç ölkənin milli musiqi nümunələri də səsləndiriləcək.
Qeyd edək ki, parkın açılışının gözlənildiyi 23 avqust tarixi eyni zamanda Xarkov şəhər günü kimi qeyd edilir və açılış mərasimi də bu çərçivədə baş tutacaq. Xarkov şəhər günü və parkın açılış məraisimində Ukraynanın yüksək vəzifəli şəxslərinin iştirakı da nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda dahi Nizaminin adını daşıyan parkın açılması və orada Nizami Gəncəvinin abidə kompleksinin ucaldılması ilə bağlı razılaşma 2019-cu ildə Xarkov meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Azər Xuduyev arasında keçirilən görüş zamanı əldə olunub.
Cənab Xuduyevin Ukraynada səfir vəzifəsində çalışdığı illərdə bu ölkədə dahi Azərbaycan müğənnisi Müslüm Maqomayev və böyük şair İmadəddin Nəsiminin də heykəlləri ucaldılıb.