Almaniya kansleri Angela Merkelin üzv olduğu hakim Xristian Demokrat İttifaqı Partiyasının (CDU) idarə heyəti federal hökumət başçısı vəzifəsinə yeni namizədini müəyyən edib.
Teleqraf.com xəbər verir ki, idarə heyəti 31 səslə bu vəzifəyə Armin Laşetin namizədliyini irəli sürüb. Markus Zeder üçün doqquz səs verilib, altı nəfər bitərəf qalıb.
Qeyd edək ki, aprelin 12-də Angela Merkel Hannoverdə sənaye sərgisinin açılışında Almaniya kansleri kimi sonuncu dəfə çıxış edib. Hələ 2018-ci ildə hazırkı dövlət başçısı Angela Merkel onun budəfəki müddətinin sonuncu olacağını açıqlamışdı.
O, hakim Xristian Demokratik İttifaqı (CDU) partiyasının rəhbəri seçilmək üçün namizədliyini də irəli sürməyib.
2021-ci ilin yanvarından etibarən CDU-ya Şimali Reyn-Vestfaliya federal torpağının baş naziri Armin Laşet rəhbərlik edir. Daha sonra Xristian-Sosial İttifaqının (CSU) lideri Markus Zeder də CDU/CSU mühafizəkar blokundan baş nazir vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
CDU idarə heyəti isə Armin Laşetin mühafizəkarların vahid namizədi kimi irəli sürülməsini dəstəkləyib.
Armin Laşet miqrantlara, o cümlədən türklərə isti münasibətinə görə "Türk Armin" ləqəbi ilə tanınır.