ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın SWIFT beynəlxalq ödəmə sistemindən çıxarılacağı ilə bağlı sualı cavablandırıb.
Teleqraf.com xəbər verir ki, Blinken Rusiyanın təcvüzkar siyasətinə qarşı bir neçə variantın olduğunu bildirib.
“Gələcəkdə nələr edə biləcəyimiz barədə fərziyyə suallarına girmək istəmirəm. Sadəcə deyim ki, təcavüzün qarşısını almağa çalışarkən bütün ağlabatan variantları nəzərdən keçirəcəyik”, - Blinken qeyd edib.
O, ABŞ-ın Rusiya ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətlərə üstünlük verəcəyini vurğulayıb, hər şeyin Rusiyanın davranışlarından və addımlarından asılı olduğunu deyib.
Onun sözlərinə görə, Rusiya ehtiyatsız və ya aqressiv davranışlara yol verməyə davam edərsə, ABŞ buna cavab verəcək: “Bu cür addımlar cəzasız qala bilməz”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova hökumətin SWIFT beynəlxalq ödəmə sistemindən mümkün şəkildə çıxmağa hazırlaşdığını söyləyib.