31 Oktyabr 2014 20:51
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası, habelə respublikada elan olunmuş “Uşaq hüquqları aylığı”nın keçirilməsi ilə bağlı oktyabrın 31-də Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Ağdam, Cəbrayıl, Fizuli və Xocavənd rayonlarının yuxarı sinif şagirdlərinin iştirakı ilə paytaxtın Müşfiqabad qəsəbəsində yerləşən qaçqın şəhərciyindəki orta məktəbdə tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov toplantının məqsədi barədə danışıb, mövzuları elan edib. Sonra H.Eyvazov yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, habelə “Yetkinlik yaşına çatmayanlar və gənclər arasında radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində polisin rolu” mövzularında çıxış edərək narkotikin insan həyatı üçün acı fəsadları, həmçinin tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələ olduğunu iştirakçıların nəzərinə çatdırıb.

Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov isə ”Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” və ”Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının, habelə onlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, “Yol hərəkəti qaydaları haqqında nə bilirik?” mövzularında çıxış edib.

Mövzular ətrafında Qaradağ, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd şəhər, rayon polis orqanlarının rəhbərləri, yerli icra hakimiyyəti strukturlarının məsul nümayəndələri, həmçinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyalarının sədrləri, təhsil şöbələrinin təmsilçiləri, məktəb direktorları, psixoloqlar çıxış ediblər. Daha sonra geniş diskussiyalar keçirilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Şagirdlərə və pedaqoji heyətə müzakirə edilən mövzularla bağlı broşura, jurnal və kitablar paylanılıb.

Sonda iştirakçılar Azərbaycanda yetişməkdə olan gənc nəslin milli adət-ənənələr, vətənpərvərlik ruhunda təlim-tərbiyəsi, maarifləndirməsi işi ilə bağlı belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd ediblər.


Müəllif:

Oxşar xəbərlər