Almaniya kansleri Angela Merkel Fransa Prezidenti Emmanuel Makronla Berlindəki görüşündən əvvəl keçirilən mətbuat konfransında 24-25 iyun tarixlərində gözlənilən AB Liderləri Sammitində müzakirə ediləcək mövzular haqda açıqlama verib.
Teleqraf.com xəbər verir ki, kansler sammitdə xarici siyasət məsələləri, eləcə də Rusiya və Türkiyə ilə əlaqələrin də müzakirə ediləcəyini deyib.
Merkel həm Makronun, həm də özünün NATO Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü xatırladıb.
Böyük çətinliklərlə qarşılaşdıqlarını və fikir ayrılıqlarına sahib olduqlarını söyləyən Merkel qeyd edib ki, bütün bunlara baxmayaraq, bu ölkələr bir-birinə bağlıdır.
Rusiya ilə münasibətlərin G7 Sammitində də müzakirə olunduğunu xatırladan kansler qeyd edib:
“Rusiya bizim üçün böyük sınaqdır. Rusiya da AB-nin ən böyük kontinental qonşusudur. Hamımız hibrid hücumlara məruz qaldığımızı deməliyik. Digər tərəfdən, AB-də təhlükəsizlik və sabitlik istəyiriksə, nə qədər çətin də olsa, Rusiya ilə danışıqları davam etdirməliyik”.
ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə görüşdüyünü xatırladan Merkel Avropa tərəfinin də bunu etməsinin doğru olduğunu bildirib. Makron Merkelin Türkiyə və Rusiya ilə bağlı açıqlamaları ilə razılaşdığını söyləyib.
Mart ayında Türkiyə ilə əlaqələrə dair müəyyən edilmiş şərtləri müzakirə edəcəklərini dilə gətirən Makron Yunanıstanın və Cənubi Kiprin maraqlarını, xüsusilə Aralıq dənizinin şərqi, Suriya, Liviya və Cənubi Qafqaz (Qarabağ) bölgələri ilə bağlı strateji məsələləri müzakirə edəcəklərini bildirib.