Ukrayna Ali Radasının “Müxalifət platforması - Həyat üçün” partiyasından deputatı İlya Kiva “Telegram-kanal”ında müstəqillik günü münasibətilə Belarus sakinlərinə müraciət yayımlayıb.
Teleqraf.com xəbər verir ki, o, müraciətində respublikanın Rusiya və Ukraynaya birləşməsini proqnozlaşdırdığını bildirib.
“Zaman gələcək, belaruslar, ruslar və ukraynalılar yenidən birləşəcək və xaosa, ağılsızlığa, özbaşınalığa müqavimət göstərəcək böyük güclü qüvvəyə çevriləcəklər. Biz tariximizi qoruyub saxlaya biləcəyik. Biz qarşılıqlı əlaqələrimizi bərpa edə biləcəyik”, - deyə o bildirib.
Deputat Belarus xalqını “doğma və qardaş” adlandıraraq qonşu ölkənin sakinlərinin Ukraynadan fərqli olaraq müstəqilliklərini müdafiə və hifz edə biləcəklərini qeyd edib.
Parlamentari qeyd edib ki, belaruslar həmişə ukraynalılar üçün bu günləri və gələcəkləri, tarixi keçmişləri uğrunda mübarizə nümunəsi olacaqlar.
Kiva, həmçinin, Ukrayna xalqının hər zaman slavyan qonşularına olan məhəbbəti ürəyində daşıyacağını bildirib.