Rostov Regional Məhkəməsi Ukraynanın xeyrinə “xəyanət” və “casusluq”da təqsirli bilinən Rusiya və Ermənistan vətəndaşlarını azadlıqdan məhrum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Rostov Regional Məhkəməsi “S-300” zenit raket kompleksləri üçün radar avadanlığının qaçaqmalçılığı ilə məşğul olan Rusiya vətəndaşı Denis Lobov və Ermənistan vətəndaşı Ararat Xaçatryan barəsində hökmünü elan edib.
“Vətənə xəyanət” və “casusluq”da ittiham olunan Lobov 9 il 6 ay, Xaçatryan 10 il 5 ay azadlıqdan məhrum olunub. Hər iki şəxs cəzalarını ciddi rejimli koloniyada çəkəcək.
Xaçatryan və Lobovun Ukraynanın mənafeyi naminə “S-300” hava hücumundan müdafiə sistemləri haqda məlumat topladığı və bu sistemlərlə əlaqədar avadanlıqları sözügedən ölkəyə satdığı deyilib.