29 İyul 2021 20:26
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Fransa Ermənistanda Rusiyanı əvəz etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Bölgədəki son gəlişmələrdən danışan ekspert Ermənistan hökumət başçısının səsləndirdiyi fikirlərə diqqət çəkib:

"Ermənistan Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında Azərbaycana qarşı ittihamlar səsləndirərkən, Rusiyadan narazılığını ifadə edən üstüörtülü iki mesaj göndərib. Birincisi, Nikol Paşinyan rəsmi Bakının Qarabağdakı rusiyalı sülhməramlıların statusunu müəyyənləşdirmək istəmədiyini deyərək fikrini belə tamamlayıb: “Azərbaycanda erməni hərbçilər üzərində məhkəmələr davam edir. Həmin hərbçilər noyabrın 9-da rusiyalı hərbçilərin səlahiyyət zonasında əsir götürülüb”.
Paşinyan bu cümlə ilə demək istəyib ki, Qarabağda erməni hərbçilərin əsir götürülməsinə Moskva göz yumub və Bakıya qarşı sərt açıqlama verməyib.

Paşinyan Rusiyaya ikinci mesajında hədələyici cümlə işlədib: “Ermənistan-Azərbaycan sərhəddində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsini təklif edirəm. Əgər təşkilat çərçivəsində belə bir qrup yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk qrupu formatında yaradılsın”.

Yəni Paşinyan Moskvaya mesaj göndərir ki, Siz sərhəddimizi nəzarətə götürüb erməniləri Azərbaycandan qorumaq istəmirsinizsə, biz Fransa və ABŞ-ı dəvət edəcəyik”.

Elxan Şahinoğlu Rusiya və KTMT-nin Paşinyanın bu çağırışlarına adekvat cavab vermədiyini bildirib:

“Paşinyana da aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya sərhəd məsələsinə qarışmaq istəmir. Moskvanın özü Bakının təklifini səsləndirib: “Sərhəddə delimitasiya və demarkasiya işləri başlamalıdır”.

Paşinyan “delimitasiya” və “demarkasiya” sözlərini ifadə etməkdən çəkinir. Paşinyan Rusiyanı erməni cəmiyyətinin gözündə daha da aşağılamağa çalışaraq sanki demək istəyir: “Ay ermənilər Rusiya bizi Azərbaycandan qorumaq istəmir, odur ki, Qərbdəki dostlarımıza müraciət etməliyik”. ABŞ və Fransa Ermənistanda Rusiyanı əvəz etməyə hazırdır. Rusiya buna hazır deyil və rəqiblərini Ermənistana buraxmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər