Rusiyanın şərq vilayətlərindəki meşə yanğınları artaraq ümumi sahəsi 1 milyon hektarı keçib.
Teleqraf.com xəbər verir ki, Rusiya Federal Meşə Agentliyinin verdiyi açıqlamada yanğınların söndürülməsi üçün işlərin davam etdiyi bildirilib.
Son 24 saat ərzində 40 nöqtədəki yanğınların nəzarət altına alındığı deyilən açıqlamada qeyd edilib ki, hazırda 222 nöqtədə - 1 milyon 71 min 845 hektar sahədə meşə yanğınları davam edir.
Yanğınların 50-si Yakutiyada, 50-si İrkutsk bölgəsindədir.
Açıqlamada, yanğınları söndürmək üçün təxminən 5 min şəxsi heyətin və yüzlərlə texnikanın cəlb olunduğu bildirilib.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Yakutiyadakı yanğınları söndürmək üçün bölgəyə 109 əlavə şəxsi heyət və 16 texnikanın göndərildiyini açıqlayıb.
İyul ayında Rusiyanın Sibir bölgəsində başlayan yanğınlarda indiyə qədər təxminən 1.3 milyon hektar meşə sahəsi külə çevrilib. Hökumət bölgədə “fövqəladə vəziyyət” elan edib.