17 Avqust 2021 14:22
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban Hərəkatının 10 gün içərisində Kabil daxil olmaqla? Əfqanıstanı tam nəzarəti altına alması və hakimiyyəti ələ keçirməsindən sonra bu ölkənin gələcəyinə dair analitiklər arasında fərqli proqnoz və fərziyyələr irəli sürülür.

Teleqraf.com xatırladır ki, dünən ABŞ Prezidenti Co Baydenin Əfqanıstan açıqlamasından sonra bu ölkənin ən təcrübəli diplomatları ruh düşkünlüyü yaşayıb.

Ümumən dünyanın aparıcı düşüncə mərkəzləri də ABŞ başda olmaqla dünya ölkələrinin terrorçu kimi tanıdığı Talibanın hakimiyyətə yolunu açmasının səhnə arxası məqsədlərini həll etməkdə çətinlik çəkir.

Professor Əhməd Qasın Xan qeyd edib ki, ABŞ 2001-ci ildən Əfqanıstan siyasəti əvvəldən problemli idi:

“Corc Buş 11 sentyabr hadisələrindən sonra terrorla mübarizənin ritorikasını ilk dəfə istifadə etməyə başlayanda, strategiya və müharibə üzərində işləyən və siyasətin hazırlanmasına töhfə verən hər kəs müharibə sözü deyildikdə amerikalı qərar verənlərə xəbərdarlıq etdi: qələbə resepti. Lakin ABŞ o günün konyukturasında bu tərifi verməkdən çəkindi. Ancaq bu da bir çox xarici siyasətin uğursuzluğunun səbəbi oldu və bunların heç biri düzgün nəticə vermədi. İraq onlardan biridir, Əfqanıstan son”.

Professor deyib ki, ABŞ-ın qısa müddətdə Talıbanı tanımayacaq:

“Çünki Co Bayden administrasiyası xarici siyasət prinsiplərinə zidd addım atardı. Əfqanıstan Bayden üçün xarici siyasət gündəmində o qədər də həlledici deyil. Çünki daxili siyasətə təsiri geri çəkilməklə “Məqsəd artıq əldə edildi” səviyyəsinə enəcək. Taliban heç kimin işini asanlaşdırmayacaq. Taliban son 20 ildə beynəlxalq siyasəti öyrənib. Talibanla münasibətlər son 20 ildə Pakistanın daxili tarazlığını dəyişdi. Pakistan kəşfiyyatı və ya dövləti əvvəlki kimi, Taliban üzərində hakim deyil”.

Əhməd Qasım Xan ehtimal edir ki, artıq işin dəyəri Çin və Rusiyaya qalıb:

“Amerikalılar bundan sonra Əfqanıstanın xərcini rusların və çinlilərin üzərinə qoymağa çalışacaq. Ölkəni sabit saxlamaq onların məsuliyyəti olacaq. Çinlilər talibanlarla iş qurmağa can atırlar. Digər tərəfdən Rusiya Orta Asiyadakı türk respublikalarında radikalizmin güclənməməsini istəyəcək və bunun üçün talibləri nəzarətdə saxlamağa çalışacaq”.

Professor Həsən Ünal düşünür ki, hələ gözləmək və proseslərin səhnə arxasındakı dəyişiklikləri müəyyən etmək lazımdır:

“Taliban radikal bir islamçı xətti təmsil etsə də, digər radikal islamçı qruplar da etnik zəmində bölünüb. Ölkənin ikinci böyük etnik qrupu olan taciklərin və üçüncü böyük qrup olan özbəklərin bu tendensiyaya necə reaksiya verəcəyini indidən proqnozlaşdıra bilmərik. 2001-ci illə müqayisədə Taliban daha çox Əfqanıstan ərazisinə nəzarət edir. 2001-ci ildə Tacikistan və Özbəkistan bölgələri və qonşu bölgələr Taliban nəzarətində deyildi. Əslində, ABŞ Talibanı idarədən uzaqlaşdırarkən “Şimal İttifaqı” adlandırdığı qüvvələrlə əməkdaşlıq etdi. Bu şəkildə baxsaq, gözləməli və görməliyik”.

Mütəxəssis əlavə edib ki, regional siyasət baxımından ABŞ burada artıq faktor deyil:

“Düşünürəm ki, ABŞ dünyada azalan bir güc olduğu üçün önümüzdəki illərdə bir çox bölgələrdə təsiri azalacaq. Amerika sındırır, tökür, xarab edir, sonra birdən geri çəkilir. Əfqanıstandan çıxması ani olmadı, ancaq fərziyyələri səhv idi və birdən geri çəkilirmiş kimi göründü. ABŞ-ın Əfqanıstan hökumətinin illərlə sağ qala biləcəyi fərziyyəsi ilə hərəkət etdiyi bir vəziyyət ortaya çıxdı.

İndi ən çox qazanc götürən ölkə Pakistandır. Çünki Talibanın ən böyük dəstəkçisi olan Pakistan illərlə prosesdən kənarda qalıb. Rusiyanın gözündə Taliban hələ də terror təşkilatıdır, amma bir tərəfdən ruslar Özbəkistan və Tacikistanla birgə talibləri qorxudacaq şəkildə birgə təlimlər keçirir, digər tərəfdən də taliblərlə görüşürlər. Aydındır ki, Talibanı idarə etmək asan deyil və proses hər an vətəndaş müharibəsinə çevrilə bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər