Amerika Birləşmiş Ştatları (ABŞ) başçılığı ilə koalisiya qüvvələri İraq və Suriyada 3 gün ərzində İŞİD terror qruplaşmasına qarşı 35 hava hücumu həyata keçirib.
Son üç gündə həyata keçirilən anti-İŞİD əməliyyatları zamanı Suriyadakı “Əl-Qaidə” əlaqəli olan “Xorasan” qrupu da hücum hədəfinə çevrilib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yaydığı açıqlamada ABŞ və koalisiya qüvvələrinin 12-14 noyabr tarixləri arasında hərbi qırıcılar və pilotsuz hava qırıcıları yolu ilə İŞİD-ə qarşı Suriyada 19, İraqda 16 havadan hücum həyata keçirdiyi bildirilir.
Qeyd edək ki, “Xorasan” qruplaşması Suriyada iki il əvvəl fəaliyyətə başlayıb. Yaxın Şərq, Cənubi-şərqi Asiya və Şimali Afrika ölkələrindən gələn Əl-Qaidə üzvlərindən ibarət bir qruplaşmadır. ABŞ kəşfiyyatı sözügedən qruplaşmanın bir sıra böyük terror aktları törətmək planları olduğunu qeyd etməklə yanaşı, “Xorasan”ın digər terror qruplaşmalarından təhlükəli ola biləcəyini də qeyd edir./anspress/
“NSA” qruplaşmanın üzvləri arasında xüsusilə Yəmən və Əfqanıstandan gələn bomba hazırlayan mütəxəssislərin olduğunu bildirir.