26 Noyabr 2021 09:59
2 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns dünyanın müxtəlif yerlərində amerikalı diplomatlar və casusları arasında müşahidə olunan “Havana sindromu” hallarının arxasından Rusiya kəşfiyyatının çıxacağı təqdirdə, bunun nəticələrinin olacağını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“ABŞ personalına və onların ailə üzvlərinin beyinlərini zədələmək peşəkar kəşfiyyat xidmətlərinin hüdudlarından kənardadır”, - Börns bu ay Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri ilə Moskvadakı görüşü zamanı deyib.

Mənbələr bildirir ki, Börns birbaşa Rusiyanı günahlandırmayıb, amma MKİ direktorunun Moskvadakı görüşdə bu məsələni gündəmə gətirməsi Vaşinqtonin Rusiyadan şübhələndiyini göstərir.

Börns rusiyalı həmkarına bu işlərin arxasında Rusiyanın dayanacağı təqdirdə bunun nəticələrinin olacağını bildirib.

Bu müəmmalı xəstəlik ilk dəfə 2016-2017-ci illərdə Kubada xidmət edən Kanada və ABŞ diplomatları və onların ailələrində görülüb. 2017-ci ilin yazında Kanadanın Havanadakı səfirliyinin əməkdaşlarında “Havana sindromu” adlanan müəmmalı xəstəlikdən başgicəllənmə və baş ağrıları kimi şikayətlər gəlməyə başlayıb.

Oxşar şikayətlər ABŞ-ın Kubadakı səfirliyinin 21 əməkdaşı tərəfindən edilib, Vaşinqton 2017-ci ilin sentyabrında ikinci dərəcəli əməkdaşlarının əksəriyyətini ölkədən çıxarıb.

Kubada xidmət edərkən müəmmalı xəstəliyə tutulan kanadalı diplomatlar rəsmi Ottavaya qarşı 21.1 milyon dollarlıq təzminat iddiası qaldırıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər