Fransa Prezidenti Emmanuel Makron şəxsi söhbət əsnasında Böyük Britaniyanın Baş naziri Boris Consonu “Brexit-in uğursuzluğuna görə günah keçisi axtaran təlxək” adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə cümə axşamı “The Guardian” yazıb.
Qeyd olunur ki, Fransa Prezidenti Conson administrasiyasını “sirk” kimi xarakterizə edib.
Mətbuatda yayılan məlumatlara görə, Makron bir qrup miqrantın ölümü ilə bağlı faciənin müzakirə edildiyi telefon danışığından sonra Consonun davranışından şikayətlənib və bunu “vulqar” adlandırıb.
“Boco (Boris Conson sözlərinin ilk iki hərfi) mənimlə tam gücü ilə danışır, hər şey yaxşı gedir, biz böyük insanlar kimi məsələləri müzakirə edirik, sonra o, bizə əvvəl və ya sonra zövqsüz şəkildə hansısa çətinlik yaradır. Və bu, həmişə eyni sirkdir”, - qəzet Makrondan sitat gətirir.
Paris Britaniya rəsmilərinə Fransa ərazisində miqrantların sığınacaq müraciətlərinə baxmağa dəvət edib. Lakin London bunu miqrantları La-Manş boğazına qayıtmağa təşviq edən “çəkilmə faktoru” adlandırıb və bundan imtina edib.
Noyabrın 27-də B.Consonun “Tvitter”də Makronu miqrantlarla bağlı faciələrə son qoymaq üçün beş bəndlik planını qəbul etməyə çağırdığı məktubu dərc edildikdən sonra Fransa lideri Britaniyanın daxili işlər naziri Priti Patelin İtaliyaya dəvətini geri götürüb və Consonun ünvanına tikanlı sözlər deyib.
“Birlikdə çoxlu işlər görə biləcəyimiz böyük bir ölkənin təlxək tərəfindən idarə olunduğunu görmək təəssüf doğurur. Brexit Consonun sirkinin sonunun başlanğıc nöqtəsidir”, - Fransa Prezidenti bildirib.
“The Guardian” yazır ki, Fransanın Londondakı keçmiş səfiri Silvi Bermann deyib ki, ölkələr arasında münasibətlər “Vaterloodan sonra heç vaxt bu qədər pis olmayıb”.
Noyabrın 30-da Belçika və Fransa Avropa İttifaqının Frontex agentliyi ilə La-Manş boğazı boyunca qeyri-qanuni miqrasiyaya nəzarət üçün əlavə tədbirləri müzakirə edib. Buna səbəb noyabrın 24-də boğazda miqrantların olduğu qayığın Böyük Britaniyaya getmək istəyərkən batması və nəticədə 31 nəfərin ölümü ilə nəticələnən insident olub.