6 Dekabr 2021 17:32
4 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna-Rusiya gərginliyi artan xətlə gedir, bu gərginliyin hər an müharibəyə dönmə ehtimalı var, amma, məncə, savaş olmayacaq. Sabah Putinlə Bayden arasında danışıqlar baş tutacaq, əsas müzakirə mövzusu Ukrayna olmalıdır, hansısa ciddi nəticələrin əldə edilməsinə ümid azdır, amma ən azı müharibə təhlükəsinin azaldılması üçün bu danışıqların mühüm rolu olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya yetkilisi Rusiya və digər oyunçuların bu məsələ ilə bağlı bir sıra maraqlarının olduğunu söyləyib:

“Kreml deyir ki, Ukrayna Qərbə inteqrasiya olmasın, NATO-ya üzv olmamalıdır, çünki NATO infrastrukturu Rusiya sərhədlərində olsa, bu Moskvanın maraqlarına zidd, hətta “qırmızı xətlər”in keçilməsi kimi dəyərləndirilə bilər. Rəsmi Moskva bəyan edir ki, məsələn, Xarkov ətrafında NATO raketləri olsa, bu, Moskvaya bir neçə dəqiqəyə çata bilər, çünki məsafə 740 km-dir. İlk baxışdan bu arqument məntiqli olsa da, aldadıcıdır. Çünki, NATO ölkələri olan Baltikyanı respublikaların sərhədindən Moskvaya məsafə daha yaxındır – Latviya sərhədindən Moskvaya cəmi 680 km-dir. Yaxud NATO ölkəsi olan Türkiyədən Qara dəniz üzərindən Krıma məsafə 300 km-dir. Deməli, Rusiyanın, “Ukraynada NATO bazası olsa bizim sərhədlərə təhlükədir”, tezisi, yumşaq desəm, doğru deyil.

Rəsmi Vaşinqton isə Əfqanıstan fiaskosundan sonra Ukrayna məsələsində güzəştə getmək, geri çəkilmək istəmir. Baydenin zatən reytinqində ciddi enmə var, indi Ukrayna məsələsində də geri addım atsa və ya Rusiyanın Donbasın ilhaqına göz yumsa, Respublikaçılar onu “yeyəcək”, növbəti Senat və Konqres seçkilərində Demokratlar ciddi yer itirəcək. Bu məsələnin görünən tərəfidir. Amma daha dərin məsələ odur ki, Rusiya ətrafında geniş bir halqa yaradılır, 3 dəniz konsepsiyası – Baltik, Qara dəniz və Xəzər xətti, ardınca isə Orta Asiya xətti (həm də Türk Dünyası) dairəsi ilə Rusiya dairənin içinə alınır, bu daha uzun müddətli konsepsiyadır”.

Natiq Cəfərli Kiyev çıxılmaz vəziyyətdə olduğunu deyib:

“Krım əldən gedib, qayıtması mümkünsüzdür, Donbası mental olaraq itiriblər, sadəcə bununla barışmaq çətindir, iqtisadi çətinliklər, oliqarxik daxili çəkişmələr - bütün bunlar Ukraynanın qarşısında olan əsas çağırışlardır. Həlli yolları isə Qərbə inteqrasiyanın sıxlığından keçir, başqa yol yoxdur, çünki Rusiya özü bütün körpüləri yandırıb, Ukraynaya qarşı düşmənçiliyini hər addımda göstərir.

Bəs hadisələr necə inkişaf edə bilər? Çox güman ki, Rusiya Donbasın qondarma, Kreml tərəfindən yaradılan “respublikalar”ını tanıyacaq, Abxaziya, Cənubi Osetiya ssenarisinə gedəcək. Zatən Rusiya Donbasda pasport paylayır. Artıq 500 min insana Rusiya pasportu palyanılıb, gələn ilə bu rəqəm 1 milyon nəfərə çatacaq. Bundan sonra Rusiya qondarma, “cırtdan ölkələr”in Moskvaya bağlı “liqa”sını yaradacaq.

Azərbaycan üçün məsələnin ən vacib tərəfi odur ki, Kreml Xankəndi və ətrafında öz nüfuzunu artırır, iqtisadi və siyasi olaraq özünə bağlayır, həmin bölgədə yaşayan erməni əsilli azərbaycanlıları özünə bağlamaqla onların Azərbaycana inteqrasiyasının qarşısını alır, almaqda davam edəcək. Sonra həmin bölgəmizi də yaradacağı “cırtdan ölkələr liqası”na salmağa çalışacaq və ya, bu ehtimalla bizi qorxudaraq istəklərini diktə etməkdə davam edəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu