11 Dekabr 2021 16:13
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukrayna ilə bağlı ABŞ-la gərginliyin artmasını “1962-ci ildəki Kuba raket böhranını” təkrarlamaq riski ilə müqayisə edərək xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Rusiya diplomatı günün birində yuxudan oyanıb özlərini oxşar ssenarinin içində olacaqlarını görməyi tamamilə mümkün hesab edib.

Rusiya və Ukrayna arasında gərginliyə son qoymaq üçün həm ABŞ, həm də Avropa İttifaqı addım atsa da, regionda gərginlik hələ də yüksəkdir. Yüzlərlə ağır artilleriya və tankın dəstəklədiyi ən azı 90 min rus əsgəri hazırda Ukrayna sərhəddindədir və gələn ilin əvvəlində bu rəqəmin 175 min nəfərə qədər arta biləcəyinə dair hesabatlar var. Qərb və Ukrayna rəsmiləri 2014-cü ildə Krım bölgəsini ələ keçirən Rusiyanın daha böyük işğalından qorxduqlarını deyərək Rusiyaya sanksiyalarla bağlı xəbərdarlıqlar göndərsələr də, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamaları Moskvanın yumşalmağa hazır olduğuna dair heç bir ip ucu vermir. Zaxarova deyib ki, sülh yolu ilə həll üçün danışıqlar praktiki olaraq dalana dirənib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov dünyanı nüvə müharibəsi vəziyyətinə gətirən ABŞ ilə Sovet İttifaqı arasındakı 1962-ci il Kuba raket böhranını nümunə gətirərək deyib ki, vəziyyət yenidən bu nöqtəyə gələ bilər: “Bir gün yuxudan oyandıqda bənzər halın içində olmağımız tamamilə mümkündür”.

İngiltərə Baş Qərargah rəisi Toni Radakin isə bir gün əvvəl Rusiyaya xəbərdarlıq edib. O, Rusiyanın Ukraynaya təcavüzünün İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük münaqişəyə səbəb ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, 1962-ci ilin oktyabrında “Kuba raket böhranı” nüvə silahının ilk birbaşa qarşıdurması hesab olunur. SSRİ o zaman Kubaya nüvə raketləri daşımağa başlamış, ABŞ isə bunu dayandırmaq məqsədilə dənizi blokadaya almışdı. Həmin an nüvə silahından istifadə an məsələsi hesab olunurdu. Soyuq müharibə dövrünün kulminasiya nöqtəsinə çatdığı bu dövrdə SSRİ rəhbəri Nikita Xruşşovla ABŞ prezidenti Con Kennedi arasında aparılan danışıqlar nəticəsində nisbətən sakitləşmə baş verdi. Sovet lideri Nikita Xruşşov ABŞ prezidenti Con Kennedinin adanı yenidən işğal etməmək öhdəliyi müqabilində nüvə silahının Kubadan çıxarılmasına razılıq verdi və bununla da problem həllini tapdı. Bundan sonra nüvə silahına malik dövlətlər özlərini daha təmkinli aparmağa başladı.


Müəllif: Nemət

Oxşar xəbərlər