ABŞ hərbçiləri ilə işləyən iraqlı tərcüməçi Rusiyanın işğalçı Amerika qüvvələrinin İraqın keçmiş prezidenti Səddam Hüseyni quyuda gizləndiyi vaxt ələ keçməsi barədə xəbəri “saxta” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Səddam Hüseyn 2003-cü il dekabrın 13-də həbs edildikdən sonra ABŞ Müdafiə Nazirliyi onu Tiqrit yaxınlığındakı fermada 2 metr dərinliyi olan quyuda gizlənərkən tapdığını iddia edib.
Adını açıqlamayan iraqlı tərcüməçi Səddam Hüseynin ABŞ əsgərləri tərəfindən tapıldığı vaxt bir otaqda ənənəvi ərəb paltarında namaz qıldığını və “quyu” hadisəsinin uydurma olduğunu bildirib.
O əlavə edib ki, Səddam Hüseyn quyu çox dar olduğu üçün ora girə bilməzdi.
İraqın mərhum liderinin otağında qarderob, iki çarpayı, radio, diktofon, kiçik televizor, bir neçə paltar və ayaqqabı olduğunu bildirən tərcüməçi buranın heç bir əlaqə vasitəsi olmayan “normal otaq” olduğunu deyib.
O, Səddamı ələ keçirən Amerika hərbçilərinin onun gizləndiyi evdən içərisində milyonlarla dollar olan ən azı 17 qutu çıxardığını da iddia edib:
“Qutular Səddamın evinə basqın edən qüvvələr tərəfindən naməlum yerə aparıldı və iraqlılar bunların hara aparıldığını və orada nə qədər pulun olduğunu bilmədilər”.
Səddam Hüseyn 2006-cı il dekabrın 30-da edam olunub. Onun barəsində irəli sürülmüş “ölkədə gizli kütləvi qırğın silahları saxlama” ittihamı isə təsdiqini tapmayıb.