5 Yanvar 2022 09:24
13 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öldürülən iranlı general Qasım Süleymaniyə görə Bağdada raket zərbələri endirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İraqın "Nasnews" xəbər saytı təhlükəsizlik qüvvələrinə istinadən bildirib.

Məlumata görə, ABŞ-ın Bağdaddakı Viktoriya hərbi bazasına hücum katyuşa raketləri ilə həyata keçirilib. Raketlərin düşməsindən sonra ərazidən xəbərverici səslər eşidilib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Digər tərəfdən, iraqlı jurnalist Ömər əl-Cənabi son hücumdan sonra rəsmi Tvitter hesabında etdiyi paylaşımda, iki gündə İrana bağlı silahlı qruplar tərəfindən həyata keçirilən üçüncü hücuma diqqət çəkib. Cənabi həmçinin qeyd edib ki, sözügedən hücumun məqsədi öldürmək və ya zərər vermək deyil, problemi böyütmək olub. Hücumun 3 yanvar 2020-ci il tarixində İran İnqilab Keşikçiləri Ordusunun Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinin ildönümündə üçüncü dəfə həyata keçirilməsi diqqət çəkib. Bağdaddakı Viktoriya bazası iki gün əvvəl partlayıcı yüklü iki pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınıb. Bundan əlavə, ötən gün də ölkənin qərbindəki Ənbar şəhərində beynəlxalq koalisiya müşavirlərinin yerləşdiyi Ayn əl-Əsəd bazasına oxşar hücum həyata keçirilib.

Xatırladaq ki, ABŞ hərbi hava qüvvələrinin zərbələri nəticəsində 2020-ci ilin yanvarın 3-də general Süleymani, Həşdi-Şəb qüvvələrinin komandan müavini Ebu Mehdi əl-Mühəndisi və daha 8 nəfər öldürülüb.


Müəllif: Nemət

Oxşar xəbərlər