Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin açıqlamasından sonra KTMT sülhməramlıların bu ölkədən geri çəkilməsi prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Qazaxıstandakı KTMT hərbi qüvvələrinin çıxarılması ilə bağlı hərbi mərasim keçirilib, sülhməramlı kontingentin komandanı, general Andrey Serdyukov əsgərləri salamlayıb.
“Çevriliş cəhdi” adlandırılan iğtişaşlara Tokayevin tələbi ilə KTMT tərəfindən müdaxilə edilib. Müdaxilədən sonra iğtişaşların qarşısı alınsa da, rus hərbçilərinin ölkə ərazisindən nə vaxt geri çəkiləcəyi ilə bağlı müzakirələr başlayıb. Mövzu ilə bağlı əvvəllər də müvafiq açıqlamalar verilsə də, bu gündən etibarən ölkədəki qüvvələrin geri çəkilməsi prosesi rəsmiləşib.
Tokayev KTMT-yə bağlı qüvvələrin geri çəkilmə müddətinin 2-10 gün arasında olacağını bildirib və plana uyğun olaraq, bu gün hərbçilərin ölkələrinə qayıtması prosesinə start verilib. Almatıda qüvvələrin əsgərləri üçün rəsmi mərasim keçirilib. Andrey Serdyukovun da iştirak etdiyi mərasimdə hərbi parad keçirilib, çıxışlar olub.