ABŞ müdafiə naziri Lloyd Ostin Rusiya-Ukrayna böhranının kəskinləşməsindən sonra Polşaya əlavə 3000 hərbçi göndərilməsi barədə göstəriş verib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Ostin prezidentin göstərişi ilə Fort Braqqda yerləşən 82-ci Hava Desant Diviziyasının 3000 hərbçisinin Polşaya göndərilməsini əmr edib.
Hərbi qüvvələrin yaxın günlərdə bölgədə yerləşdiriləcəyi, bundan əvvəl eyni diviziyadan 1700 hərbçinin Polşaya göndərildiyi deyilib.
Bölmənin Əfqanıstandan çəkilmə prosesinə rəhbərlik edən general-mayor Kristofer Donahyu tərəfindən idarə edildiyi bildirilən xəbərdə Almaniyaya göndərilməsi əmri verilən 18-ci Hava Desant Korpusunun 300 hərbçisinin artıq bu ölkəyə gəldiyi bildirilib.
Bölgəyə göndərilən heyət çevik qüvvələrdən ibarətdir.
ABŞ Prezidenti Co Bayden bundan əvvəl Almaniyada yerləşən 1000 Amerika hərbçisinin Rumıniyaya, 18-ci Hava Desant Korpusundan 300 hərbçinin isə Almaniyaya, 82-ci Hava Desant Diviziyasından isə 1700 hərbçinin Polşaya göndərilməsi əmri verib.
ABŞ həmçinin NATO missiyası çərçivəsində 8500 hərbçisini Avropaya göndərmək üçün hazırlıq vəziyyətinə gətirib.