“Putinin separatçıları rəsmən tanıması Minsk razılaşmalarından çıxması anlamına gələcək, amma hazırda bu addımı atmaq istəmir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiyadan Ukraynaya təzyiqlərin artdığını bildirib:
“Rusiya Prezidenti Vladimir Putin Qərb liderlərindən aldığı müxtəlif xəbərdarlıqlar qarşılığında Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməyə qərar veribsə, bəs Dövlət Duması niyə Donbas separatçılarını tanımaq məqsədilə Kreml sahibinə müraciət edib? Bəllidir ki, Dövlət Dumasında çoxluq Putinin nəzarəti altındadır. Deməli, Dövlət Duması məhz Kreml sahibinin istəyi ilə “separatçıların tanınması müraciəti”nin məhz fevralın 15-də ona təqdim edilməsini təşkil edib.
Kreml sahibinin burada iki məqsədi ola bilər. Birincisi, Qərbin təzyiqləri qarşısında tam güzəştə getmədiyini göstərmək; İkincisi, Ukraynaya qarşı təzyiqi “separatçıları tanıyaram” formasında davam etdirmək.
Putin “Damokl qılıncı”nı Kiyevin başı üzərində saxlayacaq. Onun separatçıları rəsmən tanıması Minsk razılaşmalarından çıxması anlamına gələcək. Putin hazırda bu addımı atmaq istəmir, çünki özü Kiyevdən həmin razılaşmaların yerinə yetirilməsini tələb edir. Ancaq Kreml sahibi “separatçıları tanıya biləcəyi” alətini daima əlində saxlayacaq ki, istənilən an ondan istifadə edə bilsin”.