Yeddilik Qrupunun (G7) xarici işlər nazirlərinin bu həftə Almaniyada fövqəladə toplantı keçirəcəyi planlaşdırılır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, G7-nin xarici əlaqələr departamentləri rəhbərlərinin görüşü Münhen Təhlükəsizlik Konfransı (MCB) çərçivəsində keçiriləcək.
Görüşün mövzusu Ukrayna ətrafındakı vəziyyət olacaq.
Yapon mediası ölkənin xarici işlər naziri Yoşimasa Hayaşinin görüşdə iştirak edəcəyini ehtimal edir.
Fevralın 18-20-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında 35-ə yaxın dövlət və hökumət başçısı iştirak edəcək.
ABŞ-ı vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenin, Almaniya nümayəndə heyətinə isə kansler Olaf Şolzun rəhbərlik edəcəyi gözlənilir.
Konfransa Ukrayna Prezidenti Vladimir Zelenskinin də qatılacağı nəzərdə tutulub. Rusiya lideri Vladimir Putin Münhen Təhlükəsizlik Konfransında iştirakını təsdiqləməyib.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız adlandırıb.