18 Fevral 2022 21:56
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukrayna yaxınlığındakı hərbi qüvvələrini geri çəkməyə başlayıb. Rusiyanın bölgədə 100 mindən artıq qoşun yerləşdirməklə, ABŞ və NATO-ya Şərqi Avropa və post-sovet məkanının onun “nüfuz dairəsi”nə daxil olduğu mesajını verdi. Amma Rusiyanın sərgilədiyi “əzələ nümayişi” və “Ukraynanı işğal edərəm” siyasəti iflasa uğradı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Rusiya rəhbərliyi hesab edirdi ki, Qərb dövlətləri birlikdə hərəkət edə bilməyəcək və bloku parçalaya biləcək. Amma Ağ Evdə “soyuq müharibə”nin memarlarından biri Co Baydenin olduğunu hesablamırdı. Bayden qısa müddətdə Trampın demontaj etdiyi ABŞ-Avropa İttifaqı birliyini yenidən bir araya gətirə bildi. Bununla da “soyuq müharibə” dövründə olduğu kimi, Rusiyaya qarşı Qərbin vahid cəbhəsini təşkil etməyi bacardı.

Rusiya Qərb dövlətlərinin birlikdə hərəkət edəcəyini gözləmirdi, hesab edirdi ki, 2014-cü ildə atdığı addımları yenidən təkrarlaya biləcək. Göründüyü kimi, Qərbin geri çəkilməməsi Rusiyanın Ukraynaya genişmiqyaslı güc tətbiq etməkdən çəkinməsinə gətirib çıxardı. Qənaətimə görə, Ruiyanın Ukraynaya növbəti müdaxiləsi onun ABŞ və NATO ilə üz-üzə qalmasına və iqtisadiyyatının məhv olmasına gətirib çıxaracaqdı.

Buna görə də, Rusiya rəhbərliyi fevralın 16-da planlaşdırdığı hücumdan əvvəl qüvvələrini geri çəkməyə başladı. Bu, Rusiyanın Ukrayna ilə irimiqyaslı müharibəyə girməyəcəyi mesajıdır. Bununla belə, Rusiya məğlub duruma düşmək istəmir, ona görə də Donbasdakı separatçılar vasitəsilə Ukraynaya ara-sıra artilleriya zərbələri endirir”.

Məhəmməd Əsədullazadə söyləyib ki, Ukrayna Donbasa hücum edərək əraziləri işğaldan azad edə bilsə, Moskva buradakı qondarma rejimlərin “müstəqilliyini” tanıya bilər:

“Hazırda isə Rusiya göstərir ki, Qərbin qarşısından geri çəkilməyib və Ukraynaya separatçılar vasitəsilə zərbələr endirməklə güc nümayiş etdirir. Rusiya bununla növbəti dəfə Qərblə danışıqlarda öz təkliflərinin qəbul edilməsinə çalışacaq. Donbasda gərginlik isə səngiməyəcək.

Artıq ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar paketini qəbul edib. Beləliklə, ABŞ və Rusiya arasında davam edən hərbi-siyasi qarşıdurma növbəti mərhələyə keçir. Bu qarşıdurmada Rusiyanın zəifləməsi Cənubi Qafqazda da sabitliyin yaranmasına səbəb ola bilər, bu da Azərbaycanın maraqlarına cavab verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər