Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ukrayna böhranı ilə bağlı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların işə yaramayacağını, sadəcə problemlərin həllini gecikdirəcəyini deyib.
Teleqraf.com xəbər verir ki, Kalın Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində dünyanın siyasi gündəminə münasibət bildirib.
“Rusiyaya qarşı sanksiyalar nəticə verməyəcək. Bununla sadəcə problemlərin həllini gecikdirirsiniz. Qarşı tərəfi dinləmək və onların strateji narahatlıqlarını anlamaq daha yaxşıdır. Rusiya NATO tərəfindən təhlükə hiss edir. Sovet İttifaqının dağılmasından 30 il sonra Prezident Putin sərhədləri yenidən cızmaq və strateji ittifaqları gücləndirmək istəyir”, - Kalın söyləyib.
O, Türkiyənin Rusiya və Ukrayna arasındakı gərginliyin harasında dayanması ilə bağlı suala da cavab verib:
“XXI əsrdə yeni çağırışlarla üz-üzəyik. Ona görə də hər iki tərəfin özünü təhlükəsiz hiss edəcəyi yeni qaydalar və prinsiplər yaratmalıyıq. Bu o demək deyil ki, Rusiyadan gələn bütün tələbləri yerinə yetirməlisiniz, sadəcə rusları dinləməlisiniz”.
NATO-nun dünyanın indiyə qədər gördüyü ən uğurlu və əhəmiyyətli hərbi ittifaq olduğunu vurğulayan Kalın deyib:
“Biz açar roluna malik üzv ölkəyik. Amma bu, Orta Asiya, Yaxın Şərq, Qafqaz və Afrika kimi digər ittifaqlara daxil olmayacağımız, yaxud Rusiya və ya Çinlə yaxşı münasibətlərimizin olmayacağı anlamına gəlmir”.
Kalın xarici siyasətə 360 dərəcəlik prizmadan baxdıqlarını bildirib:
“Bizə əl uzadan heç kəsi geri çevirməyəcəyik. Coğrafiyamız bizi buna məcbur edir, eyni zamanda, yardımçı olur. Təbii ki, bu o demək deyil ki, biz hər şeydə razılaşmalıyıq. Hətta Rusiya ilə belə yox. Biz onun Suriyadakı siyasətini və Liviyadakı Vaqner birliklərini dəstəkləmirik. Krımın ilhaqını tanımırıq. Amma bunlara görə də dərhal bir-birimizlə döyüşmək məcburiyyətində deyilik”.