28 Fevral 2022 11:22
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putinin DNR, LNR oyunu onun özünə, daha doğrusu, Rusiyaya qarşı çevrilir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiyanın Ukraynada həyata keçirdiyi işğalçı əməliyyatının əks effekt verdiyini söyləyib:

“Avropa Komissiyasının prezidenti Ursula von der Leyen dünən “Avronyus” telekanalına verdiyi açıqlamada bildirdi ki, Ukrayna Avropadan tam həcmdə dəstək görür və artıq Avropa ailəsinin üzvü kimi qəbul olunur. Xanım Leyen Ukraynanın Avropa Birliyinə üzv olmasının zəruriliyini də qeyd etdi.

Putinin DNR, LNR oyunu onun (daha doğrusu Rusiyanın) özünə qarşı çevrilir. Buna siyasətdə “Bumeranq effekti” deyilir. Artıq Avropa Birliyi Rusiyaya qarşı mümkün olan sanksiyaların demək olar ki, hamısını tətbiq edib. Son addım Rusiya təyyarələri üçün Avropa Birliyinin hava məkanının bağlanması idi ki, bu da baş verdi. Bu isə o deməkdir ki, indi hətta Avropa ölkələri ilə danışıqlar məqsədilə də Rusiya rəsmiləri birlik ölkələrinə səfər edə bilməyəcəklər. Burdan da başqa bir nəticə çıxır: artıq Rusiya ilə heç bir danışıqlara ehtiyac duyulmur.

Rusiyanın “qara bazar”larında dolların məzənnəsi 180-190 rubla çatıb. Amma bunu da qoyaq bir kənara və qayıdaq Ukraynanın Avropa Birliyinə mümkün üzvlük məsələsinə, Avropa Komissiyasının prezidenti bu məsələdə ən səlahiyyəti və məlumatlı şəxsdir, odur ki, onun dediklərini ciddi qəbul etmək üçün bütün əsaslar mövcuddur”.

Ərəstun Oruclu bildirib ki, Ukraynanın bu birliyə qəbul olunması həm də ona hərtərəfli dəstəyin daha açıq şəkildə göstərilməsi deməkdir:

“Post-sovet dövründə Avropa Birliyinə üzv qəbul olunan ölkələrin mütləq əksəriyyəti həm də eyni zamanda NATO üzvlüyünə qəbul olunub. Ukraynanın NATO-ya üzv qəbul olunması isə avtomatik olaraq NATO müqaviləsinin 5-ci maddəsinin işə düşməsi demək olardı. Bütün bunları da heç kim istisna edə bilməz. Qərb və NATO-ya isə bu, heç də təkcə Ukraynanı qorumaq və Rusiyanı küncə sıxmaq üçün lazım deyil, hərçənd ki, bu səbəb də var. Bu, həm də Qərb-Rusiya qarşıdurmasını diqqətlə izləyən Çinə mesaj vermək üçün zəruridir. Rusiyanın Ukrayna avantürasının adekvat cavab almaması Çinə Tayvanı işğal etmək üçün imkan demək olardı, Tayvan isə dünya üçün heç də Ukrayna deyil.

Bu ölkənin Çin tərəfindən işğalı dünyada çip istehsalının tam olaraq Pekinin nəzarəti altına keçməsi demək olardı, bu isə qlobal istehsalın Çindən asılılığı anlamına gəlir. Bununla hansısa ölkənin razılaşacağı yəqin ki, heç nəzəri baxımdan da inandırıcı görünmür.

Bu arada, Rusiya ordusunun Ukraynada “yerində sayması” davam etməkdədir. Əlbəttə, Azərbaycanda da kimlərsə ən müxtəlif motivlərlə Putinin Ukrayanaya qarşı işğal siyasətinə bəraət qazandırmağa çalışır. Hətta Rusiyaya pərəstiş, sevgi baxımından sual olunur ki, sevimli Rusiyanıza bu, lazım idimi? Bu sualın ən dolğun cavabını isə BMT-də iqlim məsələlərinə dair konfransda Rusiya nümayəndə heyətinin rəhbəri, klimatoloq-alim Oleq Anisimov verib.

Anisimov Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə üzr istəyərək buna heç bir halda bəraət qazandırmağın mümkün olmadığını bildirib. Bəli, Rusiyada Putinə müqavimət artmaqdadır.

Bizdə isə bəziləri hələ də Putindən artıq rus şovinisti olmaq xülyasından əl çəkə bilmirlər.

Motivindən, səbəbindən və kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq istənilən işğalçı müharibə pislənməlidir. Bunu etmək və ya əksinə işğalı alqışlamaq, ona bəraət qazandırmaq isə əxlaq məsələsidir. Xüsusilə də işğaldan əziyyət çəkmiş və çəkməkdə olan ölkənin vətəndaşı üçün”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər