“Rusiyaya bir zərbə də tərəfdaşı Hindistandan gəlib. Bu günlərdə Rusiyanın işğalçı siyasətinə qarşı BMT-də səsvermə keçirilərkən Hindistan Rusiya əleyhinə səs vermədi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert tərəfdaş ölkələrin də Rusiyadan üz çevirməyə başladığını söyləyib:
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, davam edən işğal və qətliam Kremlin tərəfdaş adlandırdığı dövlətləri də qorxudub. Misal üçün Rusiyanın Avropadakı dostları arasında Macarıstanın, Yunanıstanın və Kipr Yunan Respublikasının adı çəkilirdi. Kreml ümid edirdi ki, bu ölkələr Avropa İttifaqının Rusiya əleyhinə yekdil qərar qəbuluna mane olacaqlar. Ancaq bu ölkələr belə Rusiyanın qəsbkar siyasəti fonunda Kremli müdafiə edə bilməyəcək duruma sürükləniblər, Rusiyanın SWIFT-dən çıxarılmasına tərəfdar olublar.
Rusiyaya bir zərbə də tərəfdaşı Hindistandan gəlib. Bu günlərdə Rusiyanın işğalçı siyasətinə qarşı BMT-də səsvermə keçirilərkən Hindistan Rusiya əleyhinə səs vermədi. Ancaq Dehli də Qərbin sanskiyaları ilə hesablaşmaq məcburiyyətində qalıb. Hindistanın nə böyük bankı olan “State Bank of India” Rusiya şirkətləri ilə əməkdaşlıqdan imtina edib. Bu anlaşılandır. Hindistanın bankı Qərb sanksiyalarıyla üzləşən Rusiya şirkətləri ilə bank köçürmələri həyata keçirmək istəmir. Çünki bu halda Hindistan bankı özü gərəksiz problemlərlə üzləşəcəkdi. Hindistan bankı yazılı açıqlamada bildirib ki, sanksiya altında olan heç bir Rusiya şirkətinə xidmət göstərilməyəcək”.
Elxan Şahinoğlu bildirib ki, Rusiya-Çin ittifaqını müşahidə edən Dehli Vaşinqtonla yaxınlaşmağa başlayıb:
“Bu hələ başlanğıcdır. Hindistan keçmiş illərdə Rusiya hərbi texnikasına maraq göstərirdi. Ancaq Rusiyanın Ukraynaya müdaxiləsi bu ölkənin hərbi texnikasının yüksək olmadığını göstərir və mümkündür ki, Dehli Moskva ilə hərbi əməkdaşlığın miqyasını azaltsın. Onsuz da son illər Rusiya-Çin ittifaqını müşahidə edən Dehli Vaşinqtonla yaxınlaşma siyasətinə üstünlük verməyə başlamış və Qərb ölkələrinin hərbi texnika bazarına diqqəti yönəltmişdi”.