Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz etməkdən çəkinməyən ruslara təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
Zelenski həmçinin Rusiyanın “Birinci kanal”ının canlı efirində “Müharibəyə yox!” deyən Marina Ovsyannikovaya da təşəkkürünü çatdırıb:
“Həqiqəti çatdırmaqdan əl çəkməyən, dezinformasiya ilə mübarizə aparan ruslara minnətdaram. Xüsuilə Rusiyanın “Birinci kanal”ının studiyasına daxil olan, müharibə əleyhinə plakat açan qıza. Mübarizə aparmalısınız, şansınızı əldən verməməlisiniz”.
Qeyd edək ki, ötən gün Rusiyanın “Birinci kanal”ının canlı efirində telekanalın əməkdaşı Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub. O, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb.
Kanalın redaktoru olduğu bildirilən Marina Ovsyannikovanın saxlanıldığı deyilir.