20 Mart 2022 23:06
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezident Vladimir Zelenski, prezident aparatının rəhbəri Andrey Yermak və baş nazir Denis Şmıqal da daxil olmaqla yüksək vəzifəli hərbi-siyasi şəxsləri öldürmək üçün Ukraynaya daha çox terrorçu qruplaşmalar göndərir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bu gün Ukraynaya Rusiyanın təbliğatçısı və Putinə yaxın “Vaqner”in sahibi Yevgeni Priqojinlə əlaqəli yeni silahlı qruplaşmalar gəlməyə başlayıb. Cinayətkarların əsas vəzifəsi Ukraynanın ali hərbi-siyasi rəhbərliyini öldürməkdir”, - açıqlamada deyilib.

Ukrayna kəşfiyyatının iddiasına görə, Putin bir neçə etibarlı adamından birinə növbəti hücumu şəxsən özü verib:

“Əvvəlki cəhdlərin hamısı uğursuzluqla və terrorçuların məhvi ilə başa çatıb. Zelenski, Yermak və Şmıqal da daxil olmaqla bir sıra yüksək vəzifələri şəxslər muzdluların əsas hədəfləridir.

Ukraynaya qarşı genişmiqyaslı təcavüz zamanı öz məqsədlərinə nail ola bilməyən rus işğalçıları sabitliyi pozmağa, cəmiyyəti ruhdan salmağa, müqavimət hərəkatını pozmağa və Ukraynanın beynəlxalq əməkdaşlığını ləngitməyə cəhdlərini davam etdirirlər. Dövlətimizin birinci şəxslərinə qarşı sui-qəsdlərin təşkili işğalçıların strategiyasının tərkib hissəsidir”.

Kəşfiyyat xidməti Ukrayna ordusunun, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının Kremlin planlarından xəbərdar olduğunu bildirib.

“Biz həm ön, həm də arxa cəbhədə işğalçıları dəf etməyə hazırıq. Heç bir terror hücumu uğurlu olmayacaq”, - məlumatda deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər