İngiltərə kəşfiyyatının məlumatına görə, şimal-şərqdən Ukraynanın paytaxtı Kiyevə hücum edən rus qüvvələri dayandırılıb. Qostomeldən şimal-qərbə doğru irəliləyən qüvvələrin hücumu dəf edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat verilib.
Məlumatda qeyd olunur ki, Kiyevin şimalında şiddətli döyüşlər davam edir.
“Şəhərə şimal-şərqdən girməyə cəhd edən rus qoşunlarının hərəkəti dayandırılıb. Qostomeldən şimal-qərbə doğru irəliləyən qüvvələrin hücumu Ukrayna ordusunun şiddətli müqaviməti ilə dəf edilib. Rusiya qoşunlarının əsas hissəsi şəhərin mərkəzindən 25 kilometrdən uzaq məsafədə dayanır”, - məlumatda bildirilib.
İngiltərə kəşfiyyatı irəliləyişin olmamasına baxmayaraq, Kiyevin Rusiyanın əsas hərbi hədəfi olaraq qaldığını vurğulayıb. Qeyd olunub ki, rus qoşunları yaxın həftələrdə şəhəri mühasirəyə almağa cəhd edəcəklər.