İsveç iki əsr ərzində müharibədən qaçmağa imkan verən neytrallığını yüksək qiymətləndirir, amma qitədəki mövcud vəziyyət ölkəni öz mövqeyinə yenidən baxmağa məcbur edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu İsveç Baş naziri Maqdalena Andersson Berlində Almaniya Kansleri Olaf Şolzla birgə mətbuat konfransında deyib.
Baş nazir qeyd edib ki, İsveç hərbi alyansın üzvü deyil və bu, düzgündür, çünki bu, ölkədə 200 il ərzində sülhün qorunmasına kömək edib:
“Amma indi Rusiyanın Ukraynaya hücumu ilə Avropada təhlükəsizlik situasiyası dəyişib. Buna görə də İsveç siyasətçiləri mövqeyə yenidən baxmağı və təhlükəsizlik risklərini qiymətləndirməyi müzakirə edirlər. Müzakirə başa çatdıqdan sonra İsveç üçün ən yaxşı yolun nə olduğunu görəcəyik”.
Andersson son illər Baltikyanı regionda təhlükəsizlik durumunun pisləşdiyini xatırladıb və buna görə də 2015-ci ildən müdafiə xərclərinin artırılmasına qərar verildiyini deyib.
Baş nazir onu da qeyd edib ki, İsveç Avropa Birliyinə daxil olduqdan sonra neytral olmayıb, çünki birlikdə həmrəylik prinsipləri var: “AB ölkələrindən birinə hücum olarsa, biz bu ölkəyə, o cümlədən qoşunların yerləşdirilməsini tələb edərsə, onu dəstəkləyəcəyik”.
O, Rusiyanın hücumunun təkcə Ukraynaya yox, bütün Avropanın təhlükəsizlik arxitekturasına təsir etdiyini anlamağın vacibliyini vurğulayıb.
Olaf Şolz isə Putinə müharibəni dərhal dayandırmaq və qoşunları Ukraynadan çıxarmaq üçün ənənəvi çağırış edib.
Rusiya bundan əvvəl qonşusu İsveçə NATO-ya üzvlük barədə xəbərdarlıq edib. Rəsmi Moskvadan verilən açıqlamaya görə, İsveçin NATO-ya üzvlüyünün ağır nəticələri olacaq.