İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş başlayıb.
Teleqraf.com xəbər verir ki, danışıqlarda rusiyalı milyarder Roman Abramoviçin də iştirak etdiyi açıqlanıb.
Danışıqların “soyuq mühitdə" başladığı bildirilib.
Rusiyanın Ukraynanı işğal etmək üçün hücuma keçdiyinin ilk ayının başa çatdığı bir vaxtda bütün dünyanın gözü bu gün İstanbulda başlayan danışıqlara çevrilib. Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü saat 11:30-da Dolmabaxçada başlayıb.
Ukrayna dövlət televiziyası nümayəndələrin əl sıxmadan görüşə başladığını açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi müşaviri Mixail Podolyak Tvitterdə bildirib ki, nümayəndə heyətləri danışıqlar prosesinin əsas müddəalarını müzakirə ediblər. Danışıqların rəsmi hissəsinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb və tərəflərə uğur arzulayıb.