ABŞ bir çox rus generalının öldürülməsi üçün Ukraynaya vaxtla bağlı kritik kəşfiyyat məlumatı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Ukraynaya verilən kəşfiyyat məlumatları hədəflərin aşkarlanmasında önəmli rol oynayıb, xüsusən də Donbasdakı hərbi əməliyyatların gedişatına həlledici təsir göstərib.
Qəzetə açıqlama verən ABŞ-ın yüksək rütbəli şəxsləri Ukraynaya hansı kəşfiyyat məlumatlarının ötürülməsi və neçə generalın öldürülməsinin detallarını bildirməyiblər.
Qeyd edilib ki, ABŞ Ukraynaya Rusiyanın tez-tez yerləri dəyişdirilən mobil qərargahları haqda məlumat ötürür. Ukrayna hərbçiləri cəbhə xəttindəki durumu ABŞ-dan gələn informasiyalarla birlikdə təhlil edərək, müharibədə ciddi üstünlük əldə ediblər.
ABŞ rəsmiləri açıq şəkildə bildiriblər ki, Rusiya ordusunun fevralın 24-də hücuma keçəcəyi barədə ilk xəbərdarlığı onlar ediblər. Məsələn, Kiyev vilayətindəki Qostomel hərbi hava limanına hücum olacağı xəbərdarlığını edən ABŞ bununla Ukrayna ordusuna müdafiəni gücləndirmək imkanı verib.
ABŞ hökuməti Ukraynaya verilən kəşfiyyat yardımının Vladimir Putini daha da aqressivləşdirəcəyindən ehtiyat edərək, bunu gizli saxlamağa üstünlük verib. Bildirilib ki, ABŞ kəşfiyyatı hətta rus qoşunlarının hərəkətlərini izləmək üçün kommersiya peyklərindən də istifadə edib.
Ukrayna indiyədək müharibədə 12 rusiyalı generalın öldürüldüyünü açıqlayıb.