18 May 2022 17:10
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya “Azov” döyüşçülərini təhvil vermək istəməsə, Kiyev də əlindəki rusiyalı hərbçiləri Rusiyaya təhvil verməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın Ukrayna ilə danışıqları zərbə altında qoyduğunu bildirib:

“Rusiyanın Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək. Donbas separatçılarının liderlərindən Denis Puşilin açıqlama verib ki, Mariupoldakı “Azovstal” zavodunu sökəcəklər. Puşilin şəhərdəki digər müəssisələrin isə bərpa ediləcəyini, dağıdılan binaların yerində yenilərinin tikiləcəyini bildirib. Puşilin Mariupolun bütövlüklə bərpa ediləcəyini vəd edib.

Necə ki, Rusiya vaxtilə Çeçenistanın şəhər və qəsəbələrini viran etdikdən sonra bərpasını təmin etmişdi, indi eyni üsulla Ukraynada hərəkət etmək istəyir. Halbuki Çeçenistandan fərqli olaraq Xerson və Donbas Rusiya ərazisi deyil. Ancaq bu, Kremli narahat etmir. Kreml işğal altındakı bölgələri Rusiyaya birləşdirdikdən sonra bərpa işlərinə başlayacaq.

Puşilin Kremlin təlimatıyla açıqlama verib. Bu o deməkdir ki, birinci mərhələdə Mariupolu Donbas separatçıları idarə edəcəklər, sonrakı mərhələdə isə işğal altındakı ərazilərin Rusiyaya birləşdirilməsi gələcək. Belə olan halda Kremllə Kiyev arasında danışıqlarda nəticə əldə etmək mümkün olmayacaq”.

Elxan Şahinoğlu “Azovstal”dakı son gəlişmələrə də diqqət çəkib:

“Rusiya rəsmiləri Mariupolda əsir götürdükləri “Azov” batalyonunun döyüşçülərini Ukraynaya təhvil verməyəcəklərini açıqlayıblar. Halbuki müharibə dövründə iki ölkə hərbi əsirləri dəyişirdi. Kremlin “Azov” döyüşçülərini öz əsirləri ilə dəyişdirmək istəməməsinin səbəbi bəllidir. “Azov” batalyonu müharibənin ilk günündən qəhrəmancasına savaşdı, Rusiyanın işğalçı ordusunun Ukraynanın içərilərinə doğru irəliləyişini ləngitdi. Ancaq müqavimətin də limiti var, aylarla mühasirə şəraitində aparılan döyüşlər ərzaq və sursat qıtlığına səbəb oldu, digər tərəfdən yaralıların çoxluğu batalyonun təslim olmasına məcburiyyət yaratdı.

Onları heç kim qınamır, əksinə, əsl qəhrəmanlıq dastanı yazdılar. Kreml bilir ki, “Azov” batalyonunun döyüşçülərini Ukraynaya təslim etsə, onlar ölkələrində qəhməran kimi qarşılanacaq və yenidən döyüşə atılacaqlar. Ancaq Rusiya “Azov” döyüşçülərini təhvil vermək istəməsə, Kiyev də əlindəki rusiyalı hərbçiləri Rusiyaya təhvil verməyəcək. Bu onu göstərir ki, rusiyalı hərbi əsirlərin taleyi Kremli düşündürmür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər