Belarus Prezidenti Aleksandr Lukaşenko terrora cəhd edənlərin ölüm cəzasına məhkum edilməsini nəzərdə tutan qanuna dəyişikliyi təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinə edilən dəyişiklikdə beynəlxalq iğtişaş və ya müharibə yaratmaq məqsədilə xarici dövlət və ya beynəlxalq təşkilatın nümayəndəsini öldürməyə cəhdə hazırlaşanların edamla cəzalandırılması nəzərdə tutulub.
Radioaktiv və ya nüvə materiallarından, kimyəvi və ya bioloji maddələrdən istifadə etməklə beynəlxalq terror aktı törədən və ya terror aktına cəhd etməyə hazırlaşanlar da ölüm cəzasına məhkum edilə bilər.
Bundan əlavə, hakimiyyətin qərar qəbuletmə prosesinə təsir göstərmək və ictimaiyyəti qorxutmaq məqsədilə dövlət və ya ictimai xadimləri öldürməyə cəhd edənlər üçün də ölüm cəzası nəzərdə tutulub.
Belarus Cinayət Məcəlləsinə edilən dəyişiklik rəsmi olaraq dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.