Finlandiya Xarici işlər naziri Pekka Haavisto Türkiyənin gündəmə gətirdiyi bütün problemləri həll edə biləcəklərini düşündüyünü bildirib.
Teleqraf.com xəbər verir ki, nazir Türkiyənin istəkləri yerinə yetirilmədiyi təqdirdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün təsdiqlənməyəcəyini söyləyib.
“Ötən həftə isveçli həmkarım Ann Linda və Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdüm. Türkiyədə iki dəfə olmuşam. Cənab prezidentimiz bundan əvvəl Prezident Ərdoğana telefonla zəng edib, onunla danışıb. Düşünürəm ki, Türkiyənin gündəmə gətirdiyi bütün problemləri həll edə bilərik”, - Haavitso bildirib.
Nazir qeyd edib ki, Türkiyənin etirazları səbəbindən Finlandiya və İsveçin NATO-ya qəbul müddəti uzadıla bilər.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK/YPG terror təşkilatını dəstəkləyən Finlandiya və İsveçin NATO-ya üzvlüyünə müsbət baxmadıqlarını bildirib. Bundan sonra Türkiyənin bu iki ölkə ilə NATO arasındakı üzvlük danışıqlarını bloklaması haqda məlumat yayılıb.