“Sözügedən qrupun ayrı-ayrı fəal üzvləri Türkiyə və Azərbaycanın ortaq türk dövlət qurumunun yaradılması ideyasının yayılması ilə məşğul olan “Böyük Turan Gəncləri” internet-qrupunun üzvləri ilə əlaqə saxlayıb”
Yakutiya respublikasın prokuroru Anatoli Podlasenki ekstremizmin təhlükələri ilə bağlı fikirlərini bölüşüb. O, bununla bağlı yazısını Yakutiya rəsmi qəzetində dərc etdirib.
Teleqraf.com yazını təqdim edir: “Müasir dünyada ekstremizmin geniş yayılan müxtəlif növ dini, siyasi, millətçi hərəkatları bir sıra kəskin problemlərin güc yolu ilə həlli üsuluna üstünlük verir. Son illər Rusiyada milli, etnik, sosial və siyasi ekstremizm problemi daha kəskinləşir. Statistika göstərir ki, belə cinayətlər ilbəil artır. Rusiya Federasiyasının qanunlarına görə, ekstremizmə sosial, irqi, milli və dini ədavət, ərazi bütövlüyünün pozulması, konstitusiya quruluşunun əsaslarının zorla dəyişdirilməsi və digər terror fəaliyyətləri daxildir.
Ekstremizmə qarşı mübarizə məsələlərinə dövlət və hüquq-mühafizə orqanları tərəfindən daha çox diqqət göstərilir. Ekstremistlər bəzən günahsız insanların ölümünə səbəb olur, öz həyatının təhlükəsizliyini və dövlətin inamını sarsıdır. Ona görə də terrorizmə və ekstremist fəaliyyətə qarşı mübarizə respublika prokurorluq orqanlarının əsas prioritetlərindən biridir. Ekstremistlər əsasən internet vasitəsilə öz fəaliyyətlərini genişləndirməyə çalışırlar. Çünki dünyada populyarlığı ilə seçilən internet sərhədsiz imkanlar yaradır.
Bu həm də onlar üçün ən asan yoldur. Son illər respublika ərazisində ekstremist yönümlü cinayətlərin artması müşahidə olunur. Belə ki, 2012-ci ildə 1, 2013-cü ildə 3 belə fakt qeydə alınmışdısa, 2014-ci ilin 9 ayı ərzində respublikanın hüquq-mühafizə orqanları artıq 4 ekstremist qrupu saxlayıb. Əlbəttə, bu faktlar narahatlıq doğurur. Onlar öz məsuliyyətsiz hərəkətləri ilə çoxmillətli, tolerant respublikamızda cəmiyyət üçün real təhlükə yaradır. Belə şəxslər ölkədə digər millətlərlə əlaqə saxlayaraq, həmin şəxslərin vətəndaşı olduğu ölkələrdə də öz qruplarını yaratmaq üçün danışıqlar aparır.
Bir faktı diqqətə çatdırmaq istəyirəm. 2013-ci ilin noyabrında təhlükəsizlik qüvvələri tərəfindən aparılan əməliyyat zamanı Yakutsk sakini Qavrileva E.S. saxlayıb. İstintaq zamanı müəyyən edilib ki, Qavrileva sosial şəbəkələr vasitəsilə Moskva şəhərində kütləvi iğtişaşların törədilməsi məqsədilə millətçi təmayüllü qapalı virtual qrup yaradıb. Əsas məqsəd isə Rusiyada dövlət quruluşunda qeyri-qanuni dəyişikliklərin aparılması olub. Qeyd etmək lazımdır ki, Qavrileva il ərzində təxminən 600 istifadəçini öz tərəfinə çəkərək, müxtəlif hadisələr törətmək üçün ciddi planlar qurub.
İlkin araşdırma zamanı təqsirləndirilən şəxs cinayət əməlini tam etiraf edib. Hüquq-mühafizə orqanları tərəfindən aparılan yoxlamalar zamanı məlum olub ki, sözügedən qrupun ayrı-ayrı fəal üzvləri Türkiyə və Azərbaycanın ortaq türk dövlət qurumunun yaradılması ideyasının yayılması ilə məşğul olan “Böyük Turan Gəncləri” internet-qrupunun üzvləri ilə əlaqə saxlayıb. 2014-cu ilin 9 ayı ərzində respublikanın prokurorluq orqanları yoxlamalar zamanı ekstremizmə qarşı mübarizə ilə bağlı 243 qanun pozuntusu aşkar edilib, 43 şəxs məsuliyyətə cəlb olunub.
Bundan başqa, məktəblərdə ekstremizmlə mübarizə hallarını genişləndirmək üçün təhsil müəssisələrində internetə girişin qadağan olunması qərarına gəlinib. Terrorizm ekstremizmin ən təhlükəli formasını təzahür edir. Cari ildə yoxlamalar zamanı prokurorluq orqanları terrorçuluğa qarşı mübarizədə 670 qanun pozuntusu aşkar edib, 67 nəfər məsuliyyətə cəlb olunub. Pozuntuların əksəriyyəti təhsil müəssisələrində və nəqliyyat təhlükəsizliyinin təmin olunması istiqamətində aşkar edilib. Xatırladıram ki, ekstremizm və terrorizm ilə mübarizə asan deyil. Bunun üçün dövlət, hakimiyyəti və hüquq-mühafizə orqanlarının birgə mübarizəsi tələb olunur”.
Samir