"Ukraynada Türkiyə ilə əməkdaşlıq Rusiya üçün yolverilməzdir. Bu, türklərin Ukraynaya buraxılması demək olardı. Türkiyə NATO ölkəsidir. Bu, NATO-nu ora dəvət etməklə eynidir".
Teleqraf.com xəbər verir ki, bunu "news.am"a müsahibəsində Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Viktor Nadein -Raevski deyib.
Onun sözlərinə görə, Türkiyə Ukraynaya təkcə silah-sursat göndərmir, həm də döyüşçülər yollayırlar: "44 günlük müharibədən əvvəl Qarabağda 500 “boz qurd” hərbi təlimlər keçib. 1988-ci ildə Azərbaycanda Xalq Cəbhəsi yaranandan sonra "boz qurdlar"ın fəaliyyəti genişləndi. Daxili işlər naziri açıq-aşkar pantürkist idi, Əbülfəz Elçibəy “boz qurdlar"a rəhbərlik edirdi. "Boz qurdlar" müharibədə digər azərbaycanlı döyüşçülərdən daha qəddar idilər. 44 günlük müharibə zamanı onlar yenidən peyda oldular. Onlar həm fiziki, həm də hərbi cəhətdən yaxşı təlim keçmiş hərbçilərdir. Dronları idarə etməyi bacarırlar. Çox ciddi qüvvədirlər".
Viktor Nadein -Raevski qeyd edib ki, Türkiyə Ukraynaya 3000 “boz qurd" göndərib. Onlar Xerson və Xarkov vilayətlərində və daha bir istiqamətdədirlər. Hər istiqamətdə 1000 döyüşçü var.
Orada onlar təkcə Milli Qvardiyanın təlimlərində deyil, həm də döyüş əməliyyatlarında iştirak edirlər. Nikolaevdə Krım tatarlarından ibarət yerli “boz qurdlar” peyda olub. Onlar Krımın sudan məhrum edilməsində iştirak edərək Krıma gedən elektrik xətlərini partladıblar. “Boz qurd” ideologiyası türkçülüyə xidmət edir, amma Ukrayna nasistləri ilə eynidirlər. Bu, Moskvanın hələlik cavab vermədiyi başqa bir istiqamətdir. Bu yaxınlarda Türkiyənin xarici işlər naziri Uruqvayda ermənilərə “boz qurd” simvolu göstərdi. Deməli, "boz qurdlar" Türkiyədə qadağan olunmayıb".