25 May 2022 12:40
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya açıq-aşkar Ukrayna limanlarından taxılın ixracatına mane olur”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik məqaləsində bildirilib.

Məqalədə Rusiya-Ukrayna müharibəsi fonunda dünyanı gözləyən təhlükə və təhdidlərə diqqət çəkilib:

“Beynəlxalq təşkilatlar və böyük dövlətlər Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə fonunda taxıl böhranının həll yollarını axtarırlar. Rusiya açıq-aşkar Ukrayna limanlarından taxılın ixracatına mane olur. Digər tərəfdən, Rusiya Ukraynanın işğal etdiyi ərazilərindən taxıl oğurluğu ilə məşğuldur, kosmosdan çəkillər şəkillər də buna dəlalət edir. Avropa Mərkəzi Bankının proqnozlarına görə, dünyada ərzaq məhsullarının qiyməti artmaqda davam edəcək.

Mövcud vəziyyətdən Çin də narahatdır. Çin Xarici İşlər naziri Van Yi alman həmkarı Annalena Berbokla son telefon danışığında taxıl böhranına toxunub. Çinli diplomat deyib ki, Rusiya və Ukraynadan taxılın və digər ərzaq növlərinin ixracatı üçün “yaşıl dəhliz”in yaradılması zəruridir. “Beynəlxalq aləm müharibənin dayandırılmasına çalışmalıdır”, deyən Van Yi Çinin dünyada aclığın qarşısının alınması üçün bütün tərəflərlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib”.

Məqalədə qeyd edilib ki, Çin xarici işlər naziri son açıqlamasıyla ölkəsinin sülhpərvər olduğunu və dünyanın qlobal problemlərinin həllinə çalışdığını göstərmək istəyib:

“Bununla belə, Van Yi “yaşıl dəhliz”dən danışarkən bunun həm Ukraynaya, həm də Rusiyaya tətbiq edilməsini təklif edib. Qərb bu təkliflə razılaşa bilməz. ABŞ və Avropa İttifaqı “yaşıl dəhliz”i yalnız Ukrayna üçün nəzərdə tutub. Qərbin işğalçı müharibəyə görə Rusiyaya qarşı sərt sanksiyaları var. Məsələn, Rusiya neftinin alıcıları o qədər azalıb ki, neftlə dolu tankerlərə müştəri tapılmır. Çünki Rusiyadan neft alacaq şirkətləri ABŞ-ın sərt sanksiyaları gözləyir. Həmin şirkətlər bank hesablarından köçürmələr həyata keçirə bilməyəcək, Amerikadakı tərəfdaşlarıyla ortaq layihələrdən məhrum olacaqlar.

Van Yi “beynəlxalq aləm müharibənin dayandırılmasına çalışmalıdır” deyərkən də, Rusiyanın maraqlarını arxa plana atmır. Moskva da müharibənin dayandırılmasını istəyir, ancaq öz “şərtlər”i daxilində. Həmin “şərtlər” isə Ukraynanın ərazilərinin bir hissəsinin itirməsiylə barışmasını ehtiva edir ki, Kiyev bununla razılaşmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu