“ABŞ və Qərbin digər aparıcı dövlətləri “əsas təhlükəli dövlət Rusiyadır, yoxsa Çindir” sualı üzərində müzakirələri davam etdirirlər. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda Kremlin daha təhlükəli siyasət yürütdüyü, bu siyasətin Üçüncü Dünya Müharibəsinə, ərzaq qıtlığına, aclığa və səfalətə səbəb olacağını düşünənlərin sayı çoxalıb. Ancaq nisbətən kənarda görünən Çindən ehtiyatlananların sayı da azalmayıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.
Məqalədə qeyd edilib ki, ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer bir neçə il əvvəlki açıqlamasında Amerika və Çin arasında ticarət münaqişəsinin neqativ ssenarisinin Birinci Dünya Müharibəsinin nəticələrindən daha radikal şəkil ala biləcəyini söyləyib:
“Amerikalı diplomat demişdi ki, Çin və ABŞ arasında birgə məqsədlərin müzakirəsi və münaqişənin təsirini məhdudlaşdırmaq cəhdləri prinsipial məsələ kimi görünür: “Əgər münaqişə nəzarətdən çıxarsa, nəticələr ağır olacaq. Unutmayaq ki, Birinci Dünya müharibəsi də öhdəsindən gəlinməyən əhəmiyyətsiz böhran səbəbindən baş verib”.
Kissincer bir neçə il öncəki açıqlamasında vəziyyətin nizamlanması üçün hələ gec olmadığını düşünürdü: “Çin və ABŞ hələ “soyuq müharibə” astanasındadır. Pekin və Vaşinqton arasında ticarət danışıqları ölkələr arasında siyasi müzakirələrin başlanğıcına rəvac verə bilər”.
1969-1975-ci illərdə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri postunu tutan, 1973-1977-ci illərdə isə Dövlət Departamentinə rəhbərlik edən Henri Kissincer vaxtilə ölkəsinin Çinlə münasibətlərinin normallaşmasının əsas memarlarındandır. Ancaq sonrakı illərdə iki ölkə arasındakı münasibətlər çat verməyə başladı. Donald Trampın prezidentliyi dövründə münasibətlər daha da gərginləşdi, hazırki Prezident Co Baydan də Pekinə münasibətdə söydüyü sələfindən geri qalmır. Hazırda Vaşinqtonla Pekin arasında münasibətlərin normallaşacağı perspektivi dumanlıdır. Çin bölgədə hərbi gücünü artırır, Tayvan adasını ələ keçirməyin planlarını hazırlayır, Amerika isə bölgədə anti-Çin bloku formalaşdırır”.
Məqalədə vurğulanıb ki, Kissincer Ukraynada müharibənin başa çatmasından sonra dünyada geosiyasi vəziyyətin ciddi dəyişikliklərə məruz qalacağı fikrindədir:
“Kissincer yenə o fikirdədir ki, Çin və Rusiyanın mövqeləri üst-üstə düşə bilməz. Elə 1970-ci illərdə Çinlə münasibətlərin normallaşmasının tərəfdarı olan Kissincerin məqsədi o idi ki, iki kommunist sistem olan SSRİ və Çin bir-birlərinə yaxınlaşa bilməsinlər. Kissincerin fikrincə, bu iki dövləti bir-birindən uzaqlaşdırmaq üçün Amerika bunların biri ilə daha yaxın münasibətlərə malik olmalı idi. Ağ Ev o illərdə Kissincerin məsləhəti ilə Çini seçdi. İndi isə Ağ Ev üçün Rusiya ilə Çinin fərqi yoxdur. Amerikanın bu siyasəti Çini Rusiya ilə strateji tərəfdaşlığa sövq edib. Vaşinqton nə Rusiyanı, nə də Çini seçə bilir.
Bu arada, Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda bəyan edib ki, Avropa Ukraynanı Rusiyanın danışıqlar şərtlərini qəbul etməyə məcbur etməlidir. Kissincerin “Ukrayna torpaq verməlidir” sözləri böyük əks-sədaya səbəb olub. Kissincer bunu ona görə deyib ki, müharibənin davam etməsi beynəlxalq aləmdə yeni problemlər yaradacaq. Onun bu çıxışındakı məqsəd yenə eynidir: Rusiya ilə Çin arasında ittifaqın güclənməsinə imkan vermək olmaz.
Fransa Prezidenti Emmanuel Makron da Kissincer kimi düşünür və hesab edir ki, müharibəni dayandırmaq üçün Rusiyanı razı salmaq lazımdır. Ancaq Rusiyanı razı salmaq problemi həll edəcəkmi? Vaxtilə Qərb ölkələri Hitleri də razı salmaq üçün müxtəlif güzəştlərə getdilər. Bu, İkinci Dünya müharibəsi ilə nəticələndi. Qərb Ukraynanın bir hissəsini güzəştə getməyə razılaşarsa, Rusiya yeni hədəflər seçəcək”.