“Gürcüstan son illərdə ordusunu sürətlə silahlandırmağa başlayıb. Bu çərçivədə İsraillə birgə silah istehsalını nəzərdə tutan müqavilələr imzalaması da diqqətdən yayınmır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Gürcüstan Baş naziri Qaribaşvilinin İsrailə səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir:
“Gürcüstan Azərbaycanı özünə nümunə götürüb. Gürcüstandan əvvəl Azərbaycan İsrailli bu yöndə əməkdaşlıq edir və bu ölkədən silahlar alır. Əlbəttə Gürcüstanın öz ordusunu müasir silahlarla gücləndirməsini anlamaq olar. Çünki Gürcüstanın Rusiyadan qaynaqlanan Abxaziya və Cənubi Osetiya kimi münaqişələri var.
Görünən həm də budur ki, hakim “Gürcü Arzusu” Partiyası İsraillə əməkdaşlığı inkişaf etdirərək, ABŞ-dakı yəhudi lobbisinin dəstəyini qazanmaq istəyir. Çünki hazırda Tiflislə ABŞ və Qərblə arasında soyuq küləklər əsir. Bu da Rusiyaya meylli sabiq baş nazir Bidzina İvanaşvilinin kölgəsində olan hakimiyyətin siyasətindən qaynaqlanır”.
Məhəmməd Əsədullazadə Gürcüstanın Rusiya işğalı ilə barışmayacağını bildirib:
“Gürcüstan Ukraynanın atdığı addımlardan ruhlana bilər. Bu baxımdan, Ukryanadakı müharibənin gedişatından asılı olaraq, separatçı bölgələrdə əməliyyata başlaya bilər. Tiflisin belə bir planın olduğu istisna deyil. Rusiyanın Ukraynada zəifləməsi Gürcüstanın işinə yaraya bilər. Bundan istifadə edən Tiflis Qərbin təzyiqlərindən yaxa qurtarmaq üçün Cənubi Osetiyada hərbi əməliyyatlara başlaya bilər. ABŞ və NATO-nun bu halda Gürcüstanı dəstəkləcəyinə şübhə yoxdur.
Təbii ki, Gürcüstanın hərbi əməliyyat qərarı Rusiyanın Ukraynadakı durumundan asılı olacaq. Rusiyanın savaşdan məğlub ayrılması Gürcüstanı cəsarətləndirə bilər. İndiki hakimiyyətin müharibə aparmaq fikrinin olmadığı deyilsə də, ən azı öz yerini qorumaq üçün buna gedəcəyi inandırıcıdır”.