27 İyul 2022 12:55
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, fevralın 24-də müharibə başlayandan bəri 40 minə yaxın rus əsgəri həlak olub, on minlərlə insan yaralanıb.

Teleqraf.com xəbər verir ki, xalqa müraciətində müharibə ilə bağlı son hadisələri dəyərləndirən Zelenski Odessanın yenidən vurulduğunu xatırladıb və çıxışında sərt ifadələr işlədib.

“Rusiya Müdafiə Nazirliyi bu cür hücumlar haqqında nə yalan desə, biz mütləq buna görə cavab verəcəyik. İşğalçılar cəzasız qalmayacaq.”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenski qeyd edib ki, Rusiya dövləti 4 aydır öz vətəndaşlarına müharibə ilə bağlı heç bir məlumat vermir: “Siyasi və hərbi səviyyədə çoxsaylı müsahibə və çıxışlarda heç nə dərc edilmir və deyilmir. Halbuki bu rəqəm artıq 40 min civarındadır. Bu, Rusiya ordusunun fevralın 24-dən bəri itirdiyi əsgərlərin sayıdır. Daha on minlərlə yaralı var”.

Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək qərarını alqışladığını deyən Zelenski söyləyib ki, daha onlarla insan və təşkilat bu sanksiyaya əlavə olunub: “Bu, düzgün tendensiyadır və mən Böyük Britaniyaya icra məsələlərində sarsılmaz öhdəliyinə görə minnətdaram. Bu, Qərb dünyasında hər kəsin əməl etməli olduğu bir nümunədir”.

Zelenski təbii qaz böhranını dəyərləndirərkən deyib: “Xüsusilə bu gün Avropa bazarında qazın qiymətinin min kubmetr üçün 2000 dollardan çox artması ilə bağlı xəbərlər artıq Rusiyaya qarşı sanksiyaları genişləndirmək üçün kifayət qədər əsasdır. Çünki Rusiyanın Avropaya qarşı məqsədyönlü qiymət terroru olduğu hamı tərəfindən açıq şəkildə görülür”.


Müəllif: Nemət