2 Avqust 2022 18:28
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gərginliyin ən yüksək həddə çatdığı Sakit okeanda müharibə zəngləri çalınır. Dünyanın diqqəti ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana mümkün səfərinə yönəlib.

Teleqraf.com xəbər verir ki, Çin hökumətinin bütün xəbərdarlıqlarına baxmayaraq, Pelosinin təyyarəsinin Tayvan istiqamətinə döndüyü iddia edilir.

Ukrayna-Rusiya müharibəsi hələ bitməsə də, Sakit okean regionunda iki nəhəng ölkə arasındakı gərginlik dünyanı narahat edir. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Çinin öz ərazisi olduğunu iddia etdiyi Tayvana gedəcəyi ehtimalına qarşı bölgəyə intensiv döyüş təyyarələri göndərərkən, ABŞ donanması hər ehtimala qarşı Sakit okeanda lövbər salıb. Tayvanda da Çinin mümkün aqressiv addımlarına cavab olaraq hərbi təhlükəsizlik tədbirləri artırılıb.

Bu yaxınlarda ABŞ Prezidenti Bayden və Çin lideri Si Cinpin arasında telefon danışığı olub. Liderlərin görüşünün əsas mövzusu Tayvan olsa da, söhbət heç bir nəticə verməyib. Əksinə, iki ölkə liderinin söhbəti gərgin məqamlarla yadda qalıb.

Nensi Pelosinin Malayziyaya səfərindən sonra hərbi təyyarə ilə Tayvana gələcəyi gözləntiləri ölkələr arasında gərginliyi daha da artırıb. İş o yerə çatıb ki, Çin ordusu bölgədə qırıcı təyyarələri uçurmaqla yanaşı, sahillərə tanklar yerləşdirib. Bəzi analitiklər iddia edirlər ki, Pelosi Tayvana enərsə, Çin ordusu adanı bombalayacaq.

Digər tərəfdən Malayziya səfərindən sonra Asiya turuna davam edən Nensi Pelosinin təyyarəsinin Tayvana doğru yönəldiyi görülüb. İnternetdə canlı yayımlanan həmin anların görüntülərini təxminən 400 min insanın izləməsi diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər